Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq genişlənir

Bölmə: Siyasət › ,
Tarix: 10:45 07.05.2025

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun verdiyi açıqlamaya əsasən, yaxın vaxtlarda Azərbaycan ərazisində birgə hərbi sənaye məhsullarının istehsalı nəzərdə tutulur. Artıq tərəflər konkret layihələrin müzakirəsinə başlayıblar.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azər Bayramov bu əməkdaşlığın əhəmiyyətini belə izah edib:

 

“Azərbaycan və Belarus arasında hərbi-texniki, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığın getdikcə daha da genişləndiyini və möhkəmləndiyini görürük. Bu günədək tərəflər arasında, xüsusilə də müdafiə sənayesi məhsullarının idxalı və ixracı sahəsində qurulan əlaqələri müsbət qiymətləndirmək lazımdır. Azərbaycan son illərdə, başda qardaş ölkə Türkiyə olmaqla, dünyanın bir çox aparıcı ölkələri ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Bu sahədə əldə olunan uğurlar Azərbaycanı digər ölkələr üçün də daha cəlbedici tərəfdaşa çevirir. Belarusun, xüsusilə də orta və uzun mənzilli əməliyyat raketləri, tank və digər texnikalar, hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri kimi sahələrdə kifayət qədər güclü təcrübəsi var. Bu təcrübənin paylaşılması və əməkdaşlıq çərçivəsində tətbiqi Azərbaycanın yerli müdafiə sənayesinin inkişafına ciddi töhfə verəcək".

 

Sonda o qeyd edib ki, bu prosesin davamlı olması və daha geniş beynəlxalq əməkdaşlıq formatına keçməsi gözləniləndir:

 

“Hesab edirəm ki, bu proses dinamik inkişaf edəcək. Gələcəkdə Belarus da daxil olmaqla, bu sahədə uğurlu təcrübəyə malik digər ölkələrlə də əməkdaşlıq yaradıla bilər".

 

Selcan Əhmədli