Netanayhunun səfəri təxirə salınması

Bölmə: Siyasət › ,
Tarix: 10:47 07.05.2025

İsrailin Baş naziri Benyamin Netanyahu'nun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. Səfərin səbəbi olaraq, Türkiyənin hava məkanını bağlaması iddia olunur, lakin bu məsələ ilə bağlı fərqli versiyalar mövcuddur.

 

Netanyahunun səfərinin təxirə salınması regionda Azərbaycan-İsrail və Türkiyə-Azərbaycan münasibətlərinə, həmçinin geopolitik gərginliyə necə təsir edə bilər?

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, İsrail hazırda müharibə vəziyyətindədir və Həmasla arasında yaranmış gərginlik, silahlı qarşıdurma davam edir:

 

"Eyni zamanda Türkiyə və İranla münasibətləri gərgindir. Yəmən Husilərinin həmin ərəfədə İsrailin Ben Qurion hava limanına raket atması İran tərəfindən planlanmış ola bilər ki, İsrail fövqəladə vəziyyətə keçsin və Baş Nazirin ölkədən çıxması mümkün olmasın. Çünki baxmayaraq ki, Azərbaycanda baş tutacaq görüşün İran üçün də faydası ola bilərdi. Çünki regionda sabitliyin və sülhün qorunması mövzusunun da müzakirə olunacağı təbii idi.


Azərbaycan - İsrail münasibətlərini əldə bayraq edib bəzən İran kimi dövlətlər ölkəmizi şantaj etməyə cəhd edirlər. Amma unutmaq olmaz ki, Azərbaycan bir çox məsələlərdə İsraillə münasibətləri zəminində vasitəçilik rolu oynayır və arabuluculuq edir, gərginliyin azalmasına töhfə verir. İranın özü də ABŞ - ı ilə Ommanda danışıqlar apardı. Əksinə Azərbaycanın İsraillə əlaqələrinin daha da yüksək olmasını arzu etməlidirlər ki, Azərbaycan aradakı problemlərin həlli üçün vasitəçilik edə bilsin. Uzaqlıq, diplomatik əlaqələrin kəsilməsi və dialoqdan yayınmaqla heç bir problem həllini tapa bilməz. Məsələn, İran ABŞ-ı ilə bütün danışıqlardan imtina etdiyini bəyan etmişdi. Amma sonda Ommandakı danışıqlarda iştirak üçün razılaşmağa vadar olub.


Təbii ki, bu və başqa yönlərdən Azərbaycan və İsrail arasında yaxınlıq olması həm region üçün, həm də Yaxın Şərq üçün vacibdir. Suriya və Türkiyənin İsraillə gərginliyinin aradan qalxmasında təbii ki, Azərbaycan müsbət rol oynaya bilər.
Türkiyənin hava məkanını İsrail üçün bağlaması təhlükəsizlik məsələsinə görə də ola bilər. Çünki İsrailin də apardığı aqressiv siyasət və Yaxın Şərqdə vəziyyətin ağırlaşdırılması, həmin ərəfədə Qəzzaya yardım aparan Türkiyə gəmisinə xətər yetirilməsi, İsrailin Suriyanı yenidən bombalaması, Druz qruplarını Türkiyə maraqları əleyhinə Suriya hakimiyyətinə qarşı qaldırması bu münasibətlərin gərginliyini artırdı. Ola bilsin bu səfərin əleyhinə olan güclər bu vəziyyəti bilərəkdən gərginləşdirdilər. Çünki İsrail Baş nazirinin səfərindən sonra Türkiyə prezidentinin də səfəri nəzərdə tutulub".

 

Politoloq əlavə edib ki, Türkiyə və Azərbaycan münasibətləri sarsılmazdır və daha da möhkəmlənir:

 

"Hesab etmirəm ki, bu kimi detallar nəyinsə dəyişməsinə səbəb olsun.


İsrailin baş nazirinin təxirə salınmış Azərbaycan səfəri Türkiyənin də bunda maraqlı olması zəmində faydalı ola bilərdi. O da qeyd etdiyimiz nüanslara görə durumun bölgədə gərginliyinin artırılması buna şərait yaratmadı. Ənsarullahın İsraili yenidən raket atəşinə tutması İsrailin də ABŞ dəstəkli hava qüvvələri ilə Yəməni bombalaması ilə nəticələndi ki, bunun təşkil olunmasında maraqlı tərəflər səfərin baş tutmasına mane olan tərəflərlə eyni mənbədir.


Hesab edirəm ki, bu səfər ləğv edilməyib, sadəcə təxirə salınıb. Zənnimcə bu səfər baş tutarsa regionda və Yaxın Şərqdə mövcud olan bəzi gərginliklərin danışıqlar, dialoq yolu ilə normallaşdırılmasına vəsilə olar. Azərbaycanın bu məsələnin yoluna qoyolmasında rolu, vasitəçiliyi önəmli faktordur".


Türkan Kərimli