Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib

Tarix: 10:52 07.05.2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.
Bu haqda politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan-Belarus münasibətlərinin inkişafının əsas vektoru ticari-iqtisadi əməkdaşlıqdır.
"Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektri əhatə edir. Buraya iqtisadi ticari əlaqələrdən tutmuş, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı qeyd etmək olar. İndiyə qədər Azərbaycan və Belarus arasında müxtəlif sahələrə dair 170 sənədin imzalanması da iki ölkə arasında münasibətlərin və əlaqələrin səviyyəsindən xəbər verir.Azərbaycan-Belarus münasibətlərinin inkişafının əsas vektoru ticari-iqtisadi əməkdaşlıqdır. İqtisadi tərəfdaşlığın əsas prioritetləri sənaye kooperasiyası, kənd təsərrüfatı, ağac emalı, əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq, elm və texnologiya sahəsində birgə layihələr, habelə investisiya əməkdaşlığıdır. 2017-ci ilin may ayında Minskdə xaricdə ilk Azərbaycan Ticarət Evinin açılış mərasimi olub. Sənaye kooperasiyası sahəsində əməkdaşlıq genişlənir. 2007-ci ildən indiyədək Gəncə Avtomobil Zavodunda 14 mindən çox Belarus traktorunun yığılması və hazırda həmin zavodda lisenziya əsasında 16 model “Belarus” traktorunun istehsalı bu sahədə əlaqələrin səviyyəsinin göstəricisi hesab oluna bilər.
Ticari-iqtisadi münasibətlərin bu şəkildə inkişafının nəticəsində 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 42% artaraq 506 milyon dollar təşkil edib. Bu ilin ilk rübündə isə ticarət dövriyyəsi 101 milyon dolları ötüb, Azərbaycanın Belarusa ixracı isə 82 faiz artaraq 17 milyon dollara çatıb.
Digər sahələrdə də münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə, təhlükəsizlik, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri vurğulamaq olar. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hətta hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edərək müxtəlif silahların ölkəmizə tədarükündə iştirak edib. Belarusun ölkəmizin Hərbi Hava Qüvvələrinin arsenalında olan “S-125 Peçora” və “Osa” tipli zenit raket komplekslərinin modernləşdirilməsində aktiv rol oynadığı, ölkəmizə T-72 tankları, BTR-70, haubitsalar və SU-25 döyüş təyyarəsi satdığı məlumdur. Bundan savayı Rusiyanın İskəndər taktiki ballistik raket sistemlərini Ermənistana verməsindən sonra Azərbaycan regionda hərbi balansı qorumaq məqsədi ilə “Polonez” əməliyyat-taktiki raket kompleksini də məhz Belarusdan almışdı.
Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələri mütəmadi olaraq inkişaf edir və Belarus Respublikası indiyə qədər həm Müstəqil Dövlətlər Birliyində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın maraqlarına zidd hər hansı bir addım atmaması ilə də Azərbaycan olan münasibətini ortaya qoyub. Belarusun baş nazirinin Azərbaycana səfəri zamanı müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması ilə bağlı da müəyyən razılaşmalar əldə olunub ki, bunun da kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi şübhəsizdir. Bütün bu sadalananlar eləcə də, Baş Nazir Turçinin səfərində əldə olunan yeni razılaşmalar həm Azərbaycanın, həm də Belarusun qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu göstərir".
Səmayə Səftərova