Paşinyana qarşı çıxışlar davam edir

Bölmə: Siyasət › ,
Tarix: 21:08 08.05.2025

 

Son vaxtlar Ermənistanda müxalifət partiyaları Baş nazir Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmağa çalışırlar. Bu cəhdlər ölkədə siyasi gərginliyin artmasına səbəb olub. Müxalifət müxtəlif yollarla Paşinyanın hakimiyyətdən getməsinə nail olmağa çalışır və bunun üçün aksiyalar və çağırışlar təşkil edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, doğrudur, hazırkı dövrdə Paşinyanın Ermənistanda nüfuzu və reytinqi bir qədər zəifləyib. Lakin bu, onun devrilməsinə səbəb olacaq qədər əhəmiyyətli deyil:

 

“Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr əsasən Rusiyadan idarə olunan müxalifət və digər radikal qruplardır. Bu qrupların tərkibində keçmiş qondarma qurumun üzvləri və müxtəlif fraksiyaların nümayəndələri var. Onlar baş naziri uğursuzluqda ittiham edirlər. Lakin əslində, Paşinyanın Ermənistan üçün dərin və köklü dəyişikliklər həyata keçirdiyinin fərqində deyillər və onun uzun müddət hakimiyyətdə qalacağını hiss edirlər. Əgər Azərbaycanla sülh müqaviləsi bağlanarsa, baş nazirin həm regionda, həm də dünyada siyasi nüfuzu artacaq. Erməni müxalifəti bunu görür və onun qarşısını almağa çalışır. Doğrudur, Paşinyanın reytinqi müəyyən qədər azalıb. Lakin bu, onun devrilməsi üçün kifayət etmir. Eyni zamanda, onu bir çox Qərb dövlətləri də dəstəkləyir".

 

Siyasi şərhçi müxalifətin Rusiya yönümlü olmasından da danışıb:

 

“Ən vacib amillərdən biri müxalifətin Rusiya yönümlü olmasıdır. Çünki Paşinyanın alternativi Qərb üçün birmənalı və etibarlı fiqur olmaya bilər. Müxalifət adı ilə çıxış edən bir çox radikal və təxribatçı qrup rəhbərləri artıq həbs edilib. Əgər bu dirənişlər yenidən aktivləşərsə, hökumət sərt tədbirlər görəcək. Çünki bu qruplar arasında siyasi müxalifətdən savayı, terror xarakterli və niyyətli şəbəkələr də mövcuddur. Hətta ordunun hərəkətə keçməsi ilə belə onların qarşısı alınacaq".

 

Siyasi şərhçi Ermənistanda keçiriləcək seçkilərə və sülh müqaviləsi məsələlərinə də toxunub:

 

“Növbədənkənar seçkilərin yaxın zamanda keçirilməsi hazırda mümkün görünmür. Sülh prosesini sürətləndirmək üçün əsas addımlardan biri konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi idi. Müxalifətin dirənişini əsas gətirərək Paşinyan bu prosesi ləngidə bilər. Xarici maraqlı tərəflər, xüsusilə də Rusiya, bu prosesə mane olmağa çalışır. Rusiya Ermənistanın qarışmasını təmin edərək sülhün baş tutmasının ondan asılı olduğunu göstərmək istəyir. Gələcəkdə yeni münaqişələr yaratmaqla maraqlarını həyata keçirmək niyyətindədir. Təbii ki, sülhün reallaşması Rusiya üçün narahatlıq doğurur. Əgər Ermənistan hakimiyyəti Rusiyaya bağlı qüvvələri zərərsizləşdirə bilsə, həm daxili problemləri həll edə, həm də Azərbaycanla sülh müqaviləsini imzalaya bilər.

Ermənistanı qarışdırmaq, Türkiyə və Azərbaycanla anlaşma yolunu tutmuş Paşinyanı devirmək və əvəzində öz maraqlarına uyğun fiquru hakimiyyətə gətirmək asan deyil. Təbii ki, Paşinyan da müxalifətin bu nümayişlərindən siyasi manevrlər üçün istifadə edəcək. Əgər öhdəliklərini tam yerinə yetirərək sülhü sürətləndirmək istəyirsə, ləngimədən müvafiq addımlar atmalı və ayaqlanmış qüvvələri neytrallaşdırmalıdır. Əgər xarici vədlərə və təsirlərə uyaraq ikili standartlara meyl edər, müxalifətin mövcudluğunu bəhanə gətirərək sülhdən yayınarsa, bu, həm onun özü, həm də ümumilikdə Ermənistan üçün zərərli olacaq".

 

Günel Verdiyeva