Avropa İttifaqından Rusiyaya qarşı 17-ci sanksiya paketi

Bölmə: Siyasət › ,
Tarix: 21:34 08.05.2025

Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayıb. Paketdə Rusiya neftini daşıyan 150 gəminin, eləcə də 60 şəxs və qurumun sanksiya siyahısına salınması təklif olunur. Qərarın mayın 20-də veriləcəyi gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı və ABŞ birtərəfli qaydada Rusiyanın neft gəlirlərini dayandırmağa çalışırlar:

 

“Avropa İttifaqının yeni – 17-ci sanksiya paketi daha çox Rusiyanın neft satışını əngəlləməyə yönəlib. Ümumiyyətlə, belə bir qənaət var ki, Rusiya qanuni və ya qeyri-qanuni yollarla, müxtəlif üsullarla nefti dünyanın müxtəlif ölkələrinə satır. Bu satışdan əldə etdiyi gəlirlə də Rusiya-Ukrayna müharibəsini maliyyələşdirir.

 

Bu maliyyəni dayandırmaq üçün düşünürlər ki, əgər neft satışının qarşısını alsalar, Rusiyanın bu ticarət istiqamətini əngəlləsələr, nəticədə müharibənin maliyyələşdirilməsinə də mane ola bilərlər.

 

Bəs, nədən bu gəmilər hədəf seçilib? Məsələ ondadır ki, Rusiyanın hazırda istifadə etdiyi “kölgə donanması” adlı bir anlayış mövcuddur. Əslində, bu təcrübəni illərdir İran da tətbiq edir.

 

İndi Rusiya da bu təcrübədən istifadə edir – bir çox neft daşıyan gəmi və tankerlər müxtəlif ölkələrin və şirkətlərin bayraqları altında üzərək, Rusiyanın neftini dünyanın müxtəlif regionlarında satmağa çalışır. Bu sanksiya paketi də həmin gəmilərin fəaliyyətini məhdudlaşdırmaq, neft satışı üçün istifadə olunmalarının qarşısını almaq məqsədi daşıyır.

 

Onlar düşünürlər ki, Rusiyanın qanunsuz neft dövriyyəsini bu yolla dayandırmaq mümkündür. Bu dövriyyə əsasən məhz həmin “kölgə tankerləri” vasitəsilə həyata keçirilir.

 

Rusiyanın isə bu addıma qarşı ciddi şəkildə cavab vermək imkanı yoxdur. Artıq Rusiya bir çox ölkələrlə, xüsusilə Avropa İttifaqına üzv dövlətlərlə ticarət əlaqələrini xeyli məhdudlaşdırıb.

 

Sadəcə olaraq, Avropa İttifaqı və ABŞ birtərəfli qaydada Rusiyanın neft gəlirlərini kəsməyə çalışırlar. Onlar hesab edirlər ki, əgər Rusiya neft satışından əldə etdiyi gəlirlərdən məhrum olarsa, bu işğalçı müharibəni dayandırmaq daha real olar".

 

Səyyarə Mirzəyeva