Paşinyanın Moskvaya Gedişi-Siyasi balans axtarışı

Tarix: 21:34 08.05.2025
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfərə yollanıb. O, Qələbə Günü ilə bağlı keçiriləcək paradda iştirak edəcək.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanda hazırda siyasi durum o qədər də sabit deyil:
“Müxalifət və əsasən də revanşistlərdən və radikallardan təşkil olunmuş rusiyayönümlü müxtəlif qruplar Paşinyan hökumətinə qarşı etiraz dalğaları yaratmağa cəhd edirlər. Belə bir ərəfədə Paşinyanın Rusiyaya səfəri Rusiyaya tamamilə arxa çevirmədiyini sübut etmək və mümkün olduğu qədər onun maraqlarına cavab verməyə hazır olduğunu göstərmək üçündür. Demək istəyir ki, müxalifəti dəstəkləyərək nail olmaq istədiyinizi mənimlə danışa bilərsiniz.
Təyyarəmizin vurulmasından sonra Rusiya ilə münasibətlərimizdə bir qədər susqunluq və sərinlikdən də ola bilsin Paşinyan, həm də Rusiya "bəhrələnmək" istəyir. Ümumiyyətlə, Rrmənistanın müstəqil siyasət apara bilməməsi onu tez-tez dəyişən himayədarlarının qoynuna atır. Qərblə münasibətlərini davam etdirir sonra eyni zamanda Rusiya ilə yaxınlaşır. Təbii ki, bəzi ideoloji məsələlərdə Ermənistana münasibətdə Rusiya və Qərbin ortaq nöqtələri də var. Amma Paşinyan ölkəsində Rusiya tərəfdarı olan firqədən və əsasən də eks prezidentlərin təxribatlarından yaxa qurtarmaq üçün Rusiya ilə danışmağı ola bilsin zəruri hesab edib. Son zamanlarda aralarında münasibət təhdid və təhqir həddinə çatıb. Hətta sabiq prezidentlərin həbs olunması haqda müzakirələr gedir.
Belə demək mümkünsə, Ermənistan Rusiyanın təxribatlarından amanda qalmaq üçün çox da uzaqlaşmamağı düşünür və bunun Qərb tərəfindən də anlayışla qarşılanacağını güman edir. Mümkündür ki, eyni zamanda Rusiya ilə yaxınlaşaraq nisbətən münasibətləri soyuqlaşmış Azərbaycana qarşı əlini gücləndirir.
Rusiyanın Ukrayna savaşında üstünlüyü, Qərbin istədiyinə nail ola bilməməsi, Rusiyanın ehtimal olunan qələbəsindən sonra yönünü Ermənistana çevirə biləcəyindən də Paşinyanın narahat olması mümkündür. Çünki Fransa və ABŞ ilə həddən artıq yaxınlaşma və müxtəlif adda Qərb dairələrinə mənsub qrupları ölkəsinə buraxması Rusiyada ciddi narahatlıq doğurur. Müxalifətin əsas güc mənbəyinin Rusiya olmasına görə hazırda baş nazir Rusiya ilə danışıqlara meyllənib. Rusiya ilə əlaqələrdə çox da ciddi müstəviyə keçə bilməz. Çünki Qərbin onun üçün cızdığı xətti keçməməlidir”.
Lalə Qurbanlı