Danimarka ABŞ rəsmisini Xarici İşlər Nazirliyinə çağıracaq

Tarix: 21:58 08.05.2025
Danimarka ABŞ-nin Kopenhagendəki səfirliyinin müvəqqəti işlər vəkilinin Qrenlandiyada kəşfiyyat fəaliyyətinin artırılması ilə bağlı ABŞ kəşfiyyat bölmələrinə tapşırıq verildiyinə dair iddialardan sonra Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb.
Danimarka mətbuatında çıxan xəbərlərə görə, xarici işlər naziri Lars Lokke Rasmussen Polşada keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına qatılmaq üçün yola düşərkən ABŞ mətbuatında yer alan iddialarla bağlı jurnalistlərə açıqlama verib.
Rasmussen, "ABŞ kəşfiyyat orqanlarının Qrenlandiyada casusluq fəaliyyətlərini artıracağı" iddiaları ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu və ABŞ-nin Kopenhagen səfirliyinin müvəqqəti işlər vəkili Cennifer Hall Qodfrinin iddiaların doğruluğunu yoxlamaq üçün nazirliyə çağırılacağını bildirib.
ABŞ-nin Qrenlandiyada kəşfiyyat fəaliyyətini artırdığı iddia edilir
Wall Street Journal ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı kəşfiyyat fəaliyyətini artırmaq qərarına gəldiyini və kəşfiyyat qurumlarına bölgədə daha aktiv rol almağı tapşırdığını bildirib.
Bu hadisələr ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyini daha əvvəl ifadə etdiyi reallaşma yolunda ilk konkret addımlardan biri hesab olunur.
Tramp vəzifədə olduğu ilk günlərdən Qrenlandiya ilə bağlı “almaq, ilhaq etmək və ya nəzarəti ələ keçirmək” kimi açıqlamalar verib.
Mart ayında ABŞ Konqresində çıxış edən Tramp deyib: "Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik baxımından çox vacibdir. Biz bunu əldə etmək üçün bütün tərəflərlə işləyirik. Biz bunu bu və ya digər şəkildə əldə edəcəyik".
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli