Kursk sərhədində gərginlik

Bölmə: Dünya › ,
Tarix: 22:29 08.05.2025

 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə Ukrayna Silahlı Qüvvələri iki dəfə Kursk vilayətində sərhədi yarmağa cəhd edib. 

 

“Ukrayna bölmələri bütün döyüş təmas xətti boyunca qoşunlarımızın mövqelərinə artilleriya, tank və minaatanlardan 173 dəfə, reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə isə 4 dəfə hücum həyata keçirib. Bundan əlavə, PUA-lar vasitəsilə 300 zərbə endirilib. Ümumilikdə 488 dəfə atəşkəs pozuntusu qeydə alınıb”, - məlumatda bildirilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, atəşkəs tərəflərə sərf etmir:

 

“Rusiya-Ukrayna arasında müharibə davam edir. Təklif olunan atəşkəs razılaşmaları qəbul edilməyib. Səbəb təklif olunan atəşkəsin tərəflərə sərf etməməsidir. Çünki tərəflərin “qırmızı xətləri” mövcuddur. Ukraynanın qırmızı xətti ərazi bütövlüyünün itirilməməsi, ən azından de-yure ərazi bütövlüyünü qoruyub saxlamaq, eyni zamanda təhlükəsizliyinə təminat verilməsidir. Yəni, NATO ordusunun və ya başqa bir ordunun Ukrayna ərazisində yerləşdirilməsidir. Rusiyanın isə qırmızı xətləri müharibədən qələbə ilə çıxmaq, işğal etdiyi torpaqları özününküləşdirmək, Ukraynanın militarizasiyası, denasifikasiyasıdır. Hər bir tərəfin qırmızı xətləri digərini inkar edir. Bu baxımdan, mövcud şərtlər altında atəşkəs mümkün olmadı və belə görünür ki, olmayacaq. Bu da müharibənin davam etməsi deməkdir”.

 

Politoloq prezident İlham Əliyevin də çıxışından söz açıb:

 

“Cənab prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi atəşkəs müharibəni bitirmir, sadəcə davam etdirir. Buna görə də, Rusiya-Ukrayna arasında müharibə davam edir. Ukraynanın Kursk vilayətindəki hücumları da müharibənin tərkib hissəsi- elementləridir. Burada əsas məqsəd Ukrayna tərəfindən həm psixoloji üstünlük əldə etmək, həm Rusiyanın içinə daxil olaraq danışıqlar predmetində əlini gücləndirməkdir, eyni zamanda həmin hissədən Ukrayna Rusiyaya qarşı daha uğurlu hərbi əməliyyat apara bilir. Ümumiyyətlə, hesab edirəm ki, bu müharibə tərəflərdən birinin qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsi ilə yekunlaşacaq. Məsələn, Rusiyanın qarşıya qoyduğu hədəflərə çata bilmədiyi aydın olsa, bu, Rusiya üçün məğlubiyyət olacaq və münaqişə bitəcək. Əks halda bu cür qarşılıqlı həmlələr gözlənilir. Nəzərə alsaq ki, qarşıdan yay ayları gəlir, həmin aylarda tərəflər daha çox güc toplayır və müharibə şiddətlənir”.

 

Lalə Qurbanlı