"Biz Ərdoğanla Suriya məsələsi ilə bağlı işləyirik" -Tramp

Tarix: 20:46 13.05.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsi ilə bağlı əməkdaşlıq edirlər.
“Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik. Onlara hər şeyi yenidən başlamaq imkanı vermək niyyətindəyik”, – deyə Tramp qeyd edib.
Mövzu ilə bağlı politoloq Elçin Xalodbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu vəziyyət Yaxın Şərqdəki proseslərə təsir göstərə bilər:
“Təbii ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyəti Yaxın Şərqdə bir çox məsələlərə təsir edə bilər. Çünki Suriya hazırda ərazisi müxtəlif nəzarət zonalarına bölünmüş bir dövlət vəziyyətindən çıxmaq istiqamətində müəyyən addımlar atmağa çalışır. İranın mövqeləri zəifləsə də, onu tamamilə sıradan çıxmış hesab etmək olmaz. Eyni zamanda, Rusiya hərbi bazaları da Suriya ərazisində qalmaqdadır. Belə bir vəziyyətdə əsas məsələ sanksiyaların ləğv olunmasıdır. Çünki sanksiyalar aradan qaldırılacağı təqdirdə, Suriya bölgədə yeni bir dövlət kimi bərpa oluna bilər. Bu da mövcud vəziyyətin fərqli bir məzmun almasına səbəb ola bilər.
Digər tərəfdən, Suriyaya qarşı sanksiyaların hələ də qüvvədə saxlanılması Rusiya tərəfindən istifadə olunan əsas faktorlardan biridir. Kreml Suriyanın yeni hökumətinə təklif edir ki, sanksiyaların ləğvinə və yaxud Qərblə münasibətlərin bərpasına xüsusi enerji sərf etmək əvəzinə, Rusiya ilə fərqli şərtlər daxilində münasibətlər qursunlar. Rusiya Suriyanın yanında olmağa və onun üçün hər şeyi etməyə hazır olduğunu bildirir. Yəni, Rusiya mövcud situasiyadan istifadə edərək həm Suriyada qalmağa, həm də daha da möhkəmlənməyə çalışır.
Bu baxımdan, ABŞ və Türkiyənin Suriya ilə bağlı əməkdaşlığı Rusiyanın maraqları baxımından müəyyən problemlər yaradır. Hazırda Türkiyənin Suriyadakı mövqeləri kifayət qədər ciddidir və rəsmi Ankara Suriyanın yenidən bərpa olunması prosesinin əsas ideoloji və siyasi müəlliflərindən biridir. Bu səbəbdən, ABŞ ilə ortaq fəaliyyət Suriyanın bərpa prosesini həm sürətləndirə, həm də Rusiyanın bu ölkə ilə bağlı planlarını ciddi şəkildə poza bilər. Birincisi, məhz rəsmi Ankaranın təşəbbüsü ilə ABŞ-ın sanksiyaları ləğv etməsi və Rusiyanın əlindən bu təsir alətini çıxarması mümkün ola bilər.
Digər tərəfdən, Türkiyə-ABŞ ortaq fəaliyyəti İranın da Suriyadakı fəaliyyətinə ciddi problemlər yarada bilər və nəticədə İran bu ölkənin ərazisini tərk etmək məcburiyyətində qala bilər. Nəhayət, Rusiyanın da müəyyən mənada təsir göstərdiyi PKK terror təşkilatının Suriyadakı fəaliyyəti artıq sıradan çıxarılmaq üzrədir. Bu isə ABŞ və Türkiyə arasında yaxınlaşan münasibətlərin əhəmiyyətli nəticələrindən biridir. Bu, həm də Suriya ərazisinin terrordan təmizlənməsi deməkdir. Eyni zamanda, Suriyada normal dövlət idarəçilik sisteminin mümkün qədər tez bir zamanda bərpa olunmasına şərait yaradır. Belə bir vəziyyət isə Suriyada maraqları olan bəzi kənar güclərin planlarına uyğun gəlmir və ABŞ-ın dəstəyi nəticəsində Türkiyə ön plana çıxır.
Bütün bunlar göstərir ki, bu proses Türkiyənin Suriyadakı mövqeyinə hər hansı problem yaratmaq əvəzinə, əksinə, ABŞ indiki mövqeyini davam etdirərsə, həm Suriya, həm də Türkiyənin mövqeləri daha da güclənə bilər.”
Lalə Qurbanlı