Azərbaycan Ərəb Dünyası ilə Əlaqələri Genişlənir

Tarix: 22:53 13.05.2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bəhreynə rəsmi səfəri Azərbaycanın ərəb dünyası ilə münasibətlərini genişləndirmək istiqamətində atılan növbəti addımdır.
Bu barədə “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Azərbaycan Qarabağ müharibəsindən sonra xarici siyasətində yeni istiqamətlər formalaşdırır:
“Azərbaycan artıq təkcə Qarabağ münaqişəsinin həllinə fokuslanmır. İndi ölkəmiz dünyaya açılmaq, beynəlxalq tərəfdaşlıq əlaqələrini gücləndirmək mərhələsindədir. Bu kontekstdə ərəb ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır", – deyə o vurğulayıb.
Səhrablı hesab edir ki, Bəhreyn səfəri enerji sahəsində əməkdaşlığın inkişafı baxımından da strateji əhəmiyyət daşıyır:
“Enerji sektoru qlobal siyasətin əsas mübarizə meydanlarından biridir. Bəhreyn də enerji potensialına malik dövlətlərdəndir. Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirməklə həm enerji təhlükəsizliyini gücləndirir, həm də tərəfdaşlarının sayını artırır".
Ekspertin sözlərinə görə, bu səfər yalnız Azərbaycan-Bəhreyn münasibətləri ilə məhdudlaşmayacaq:
“Əslində bu, ümumilikdə ərəb dünyası ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bir addımdır. Səudiyyə Ərəbistanı, Suriya və Qətərlə son dövrdə yaranan əlaqələr bunu açıq şəkildə göstərir. Azərbaycan ərəb dünyasında mövqeyini gücləndirərək qlobal siyasətdə öz təsirini artırmağa çalışır",- deyə Səhrablı əlavə edib.
Asiman Vəliyeva