ABŞ və Həmas atəşkəs razılığına gələ bilər

Tarix: 20:56 13.05.2025
ABŞ nümayəndələri və Həmas hərəkatı arasında Qətərdə aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma əldə edilə bilər. ABŞ prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Adam Bolerin başçılıq etdiyi nümayəndə heyəti bazar günü Dohada Həmas nümayəndələri ilə görüş keçirib. Görüşdə razılaşmanın əldə edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Sazişin bağlanması barədə "bir gün və ya bir neçə saat ərzində" elan edilə bilər. Potensial saziş Həmas-ın altı girovu azad etməsi müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsindən sonra 21 günlük atəşkəsi, həmçinin humanitar yardımın anklava çatdırılmasının bərpasını təmin etməyi nəzərdə tutur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Həmas ilə ABŞ arasında atəşkəs razılığı üçün veriləcək qərarlar Fələstinin gələcək taleyini də həll edə bilər. ABŞ-nin mövqeyinin yumşaldılması Fələstin üçün böyük önəm daşıyır. Hazırda Ağ Ev israrlı şəkildə İsrailin atdığı bütün addımları müdafiə edir. Son vaxtlar Tramp administrasiyasının mövqeyində bir qədər fərqli yanaşmalar etməyə başladığı müşahidə olunur. Ağ Ev hesab edir ki, İsrail fələstinlilərə qarşı həddindən artıq sərt addımlar atır:
"ABŞ Fələstin təmsilçiləri ilə birbaşa əlaqələrə başlayıb. Bu əlaqələrdə də müəyyən irəliləyişlər olub. İddialara görə, Həmas-ın əsas şərtlərindən biri budur ki, atəşkəs elan olunduqdan sonra onun hər bir şey ilə təmin olunmasına ABŞ təminat verməlidir. ABŞ ən əsas siyasi iradə mərkəzidir. ABŞ-nin maraqları və qərarları hansı hədəflərə yönələcəksə, hər bir tərəf ona uyğun mövqe tutmaq məcburiyyətində qalacaq. Böyük ehtimalla Ağ Ev bu münaqişədə sülhə və sabitliyə nail ola bilər".
Aygün Babayeva