“İstanbul görüşü müharibənin taleyini müəyyənləşdirə bilər”

Bölmə: Siyasət › ,
Tarix: 21:57 13.05.2025

İstanbulda keçiriləcək görüşün regionda davam edən müharibənin taleyinə ciddi təsir göstərə biləcəyi gözlənilir.

 

Məsələ ilə bağlı politoloq Kənan Novruz “İnformator.az” saytına açıqlamasında bildirib ki, bu görüşə böyük ümidlər bəslənir və proses artıq yetişmiş bir mərhələyə çatıb:

 

“İstanbul görüşü əhəmiyyətli ola bilər, çünki orada əsas oyunçulardan ən azı üçü – Türkiyə, Rusiya və Ukrayna iştirak edəcək. ABŞ-nin da qatılması gözlənilir. Əgər müharibənin taleyini müəyyənləşdirəcək dörd əsas tərəf bu danışıqlarda iştirak edərsə, bu, mühüm dönüş nöqtəsi ola bilər. Son günlər tərəflər arasında intensiv telefon danışıqları aparılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri də həmkarları ilə təmasda olub. Bu isə onu göstərir ki, görüş üçün hazırlıqlar gedir və tərəflər razılığa yaxınlaşır.

Zelenski hesab edir ki, Ərdoğan Trampa təsir göstərə bilər və buna görə də onun Tramp ilə görüşməsini istəyir. Bununla belə, üçtərəfli – Zelenski, Ərdoğan və Tramp arasında görüş ehtimalı az görünür. Nə Tramp, nə də Ərdoğan belə bir formatda görüşə razılıq verə bilər. Lakin Tramp ilə Ərdoğanın ayrıca görüşməsi mümkündür və bu da Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər. Avropa daha çox müharibənin uzanmasında maraqlıdır. Ukraynanı silahlandırmaqla və Rusiyaya təzyiqləri artırmaqla vəziyyəti daha da gərginləşdirir.

Bu baxımdan Kiyev və Moskva Avropanın təsirindən kənarda dayanmalı və siyasi iradə nümayiş etdirməlidirlər. İstanbul görüşü son şans ola bilər. Bu fürsət dəyərləndirilməsə, müharibə daha da genişlənə bilər".

 

Ayan Əsgərova