PKK silah qoydu: Yeni mərhələnin başlanğıcı

Tarix: 23:07 14.05.2025
PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatı fəaliyyətinə son verdiyini açıqlayıb.
Bu barədə məlumatı “Rudaw” telekanalı yayıb. Bildirilib ki, PKK Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib. Telekanalın məlumatına görə, bu qərar mayın 5–7-də keçirilən 12-ci qurultayda qəbul olunub.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, PKK əslində öz niyyətindən tamamilə əl çəkməmiş ola bilər:
“PKK-nın son qurultayında qəbul edilən qərar tarixi əhəmiyyətə malikdir. Beləliklə, 47 illik qanlı terror təşkilatı fəaliyyətinə son verdiyini və siyasi mübarizəyə keçdiyini açıqlayır.
Dünyada bu kimi nümunələr çox olub – məsələn, İrlandiya Respublika Ordusu, ETA və digər təşkilatları göstərmək olar.
Lakin PKK-nın son bəyanatında səslənən fikirlər göstərir ki, təşkilat niyyətindən tamamilə imtina etməyib. Lozanna müqaviləsinin şübhə altına alınması, Türkiyənin 1924-cü ildə qəbul olunmuş Konstitusiyası ilə bağlı irəli sürülən fikirlər və Abdullah Öcalanın azadlığa buraxılması tələbi bunu sübut edir.
Eyni zamanda qeyd edilir ki, PKK artıq bu ad altında fəaliyyət göstərməyəcək. Bu isə o deməkdir ki, təşkilat başqa adlarla – məsələn, PJAK, PYD, YPG və s. – fəaliyyətini davam etdirə bilər. Təşkilatın İran, İraq və Suriya kimi ölkələrdə də uzantıları mövcuddur.
Bu hadisə əhəmiyyətli olsa da, bu, o demək deyil ki, Türkiyədə terror tamamilə sona çatdı.
Təbii ki, bu mərhələyə gəlməkdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinin rolu danılmazdır. Lakin PKK-nın silahı buraxması və terror əməllərindən çəkilməsi daha çox onun arxasında dayanan güclərin iradəsindən asılı olacaq.
PKK-ya uzun illərdir dəstək verən qüvvələrin bu məsələyə münasibəti gələcək proseslərin gedişatına birbaşa təsir edəcək”.
Fatimə Şahverdiyeva