Qəzzaya ümid: Ərdoğan-Tramp görüşü

Bölmə: Siyasət › ,
Tarix: 23:04 14.05.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib:

 

Bu səhər ABŞ Prezidenti Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Şəra ilə dördtərəfli görüşümüz oldu.

Ötən həftəki telefon danışığımızdan sonra, dünən Səudiyyə Ərəbistanında Suriyaya qarşı sanksiyaların ləğv ediləcəyini açıqlayan ABŞ Prezidenti Trampa təşəkkür etmək istəyirəm.

Qəzzada hazırda vəhşilik həddinə çatan humanitar fəlakətə son qoymaq istiqamətində dostum Trampın dəstəyinə ümid edirəm.

Tezliklə Qəzza ilə bağlı ürəkaçan xoş xəbərlər alacağımıza ümid edirik".

 

Məsələ ilə bağlı politoloq Rizvan Hüseynov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Tramp artıq anlayır ki, Şərq siyasətində hazırda İsraildən fayda götürə bilmir. Buna görə də Amerika öz maraqları naminə ərəb dövlətləri ilə yaxınlaşmağa üstünlük verir:

 

“Yaxın Şərqdə çox vacib proseslər baş verir. ABŞ siyasətində bu regionda əsas rol oynayan tərəf İsrail olsa da, artıq bu vəziyyət dəyişməkdədir. Suriyada baş verən məlum hadisələrdən – Əsəd rejiminin zəifləməsindən – sonra regionda həm Türkiyə gücləndi, həm də bir sıra ərəb ölkələri yeni şəraitdən istifadə edərək öz siyasi mövqelərini möhkəmləndirdilər.

İsrail isə getdikcə daha çətin duruma düşür. Ərəb ölkələrinə qarşı əvvəlki kimi sərbəst siyasət apara bilmir. Qəzza zolağında törədilən qırğınlar və cinayətlər İsrailin xeyrinə olmadı. Bunu yaxşı anlayan Tramp bu gün dərk edir ki, Şərqdə İsraildən istədiyi qədər fayda ala bilmir.

Ona görə də ABŞ öz maraqları üçün Qətər, Dubay və Səudiyyə Ərəbistanı kimi ərəb dövlətlərinə yaxınlaşır. Amerika yeni reallıqları qəbul edir və ərəb-türk ittifaqlarının gücləndiyini başa düşür.

Buradakı əsas problem isə bu reallıqları qəbul etmək istəməyən İsrail dövlətidir. Trampın Yaxın Şərqdəki yeni siyasətinin məqsədi İsrailə göstərməkdir ki, artıq yeni müttəfiqlər var – bunlar ərəb ölkələridir.

Suriyaya tətbiq olunan sanksiyaların ləğvində də birbaşa Amerikanın dəstəyi var. ABŞ, yeni Suriyada özü üçün mövqe tutmaq istəyir. Bu səbəbdən də Suriya dövləti və xalqına qarşı pozitiv addımlar atır.

Sanksiyaların ləğvi, əslində, Amerikanın Suriyadakı imicini yaxşılaşdırmaq üçün atılan addımlardan biridir".

 

Fatimə Şahverdiyeva