Britaniya Aİ-dən yeni tələblər irəli sürür

Bölmə: Siyasət › ,
Tarix: 23:18 14.05.2025

 

Böyük Britaniya mayın 19-da Avropa İttifaqı (Aİ) ilə imzalanması gözlənilən təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi ərəfəsində Aİ-yə olan tələblərini genişləndirir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı artıq bəllidir:

 

“Onun xarici siyasət prioritetləri tamamilə müstəqil şəkil almağa və Avropa İttifaqından fərqlənməyə, ondan ayrı olmağa başlayır. Ona görə də bu gün Britaniya və Avropa İttifaqının münasibətlərinə toxunarkən, onları 10 il əvvəlki kimi eyni maraqlara xidmət edən xarici siyasət prioritetləri kimi deyil, fərqli istiqamətlərdə analiz etməliyik. Böyük Britaniya hələ də Avropanın əsas siyasi, diplomatik və hərbi güclərindən biri olsa da, onun xarici siyasəti tamamilə milli maraqlar üzərində formalaşıb.

 

Artıq bu siyasət ittifaq çərçivəsindən deyil, tək tərəfli Britaniya prizmasından həyata keçirilir. Öz maraqlarını da bu şəkildə təmin edir. Bu gün Britaniyanın Aİ qarşısında şərtlərini artırması və istəklərinin çoxalması məhz bunun təzahürüdür.

Britaniya, Avropa İttifaqının düşdüyü çətin geosiyasi vəziyyət fonunda çalışır ki, regional təsirini daha da gücləndirsin. Bu, bir növ Aİ-yə mesajdır: Avropa dövlətləri dünya siyasətində birlik olsalar da, həlledici rol oynaya bilməzlər”.

 

Politoloq əlavə edib ki, eyni zamanda Britaniya Aİ ilə əməkdaşlıqdan tamamilə imtina edə bilməz:

 

“Çünki ABŞ, Çin və Rusiya hegemonluğuna qarşı dünyada aparılan mübarizədə Britaniya öz maraqlarını qorumalıdır. Əsas şərtlərdən biri də Avropa İttifaqının gücünü öz arxasına almaqdır. Britaniyanın bu gün Aİ-yə qarşı həyata keçirdiyi təzyiqlər ondan imtina etmək niyyəti ilə deyil. Əksinə, Britaniya Avropanın əsas dövləti kimi dünya siyasətinə yenidən qayıtmaq və həm öz maraqlarını, həm də ümumi Avropa təhlükəsizliyini təmin etmək istəyir. Bu prosesi isə Britaniyanın liderliyi ilə reallaşdırmağa çalışır.

 

İndi Britaniyanın bu istəkləri Almaniya və Fransa kimi ölkələrin narazılığına səbəb olacaq. Almaniya və Fransa dərhal Britaniyanın bütün tələblərinə razılaşmayacaq. Müəyyən müddət ərzində ikitərəfli münasibətlərdə bu iki ölkənin yanaşmaları fonunda təzadlar və gərginlik müşahidə oluna bilər. Lakin bu, uzun çəkməyəcək. Rusiya təhlükəsi və Tramp administrasiyasının qəbul etdiyi qərarlar, həmçinin Çinin artan gücünə qarşı mübarizə hər iki tərəfin bir-birinə ehtiyac duyduğunu göstərir. Bu iki güc – Britaniya və Aİ – heç vaxt bir-birindən tam imtina edə bilməz”.

 

 

Nuray Əliyeva