Sülhə Doğru Addım, Yoxsa Siyasi Manevr?

Tarix: 20:37 14.05.2025
Rusiya və Ukrayna arasında davam edən münaqişə fonunda İstanbulda keçirilməsi planlaşdırılan liderlər görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Görüşün sülhə aparan real addım olub-olmayacağı, yoxsa sadəcə siyasi manevr kimi tarixə düşəcəyi hələ də müzakirə mövzusudur. Hər iki tərəfin mövqeyi və prosesə yanaşması bu təşəbbüsün taleyini müəyyən edəcək.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, bu görüşün tam şəkildə reallaşacağı hələ də sual altındadır:
"Qeyd edək ki, daha əvvəl İstanbul platformasından Rusiya və Ukrayna taxıl məsələsində istifadə ediblər. Lakin bu dəfəki məsələ birbaşa taxılla və ya su danışıqları ilə bağlı deyil. ABŞ Prezidenti Donald Tramp da İstanbul prosesinə diqqət göstərib və bu prosesdə Türkiyənin vasitəçiliyi ön plana çıxır. Amma burada əsas məsələ odur ki, sülh danışıqları hər iki tərəf üçün maraqlı olmalıdır. Müşahidə olunan budur ki, prosesdə daha çox manevr anlayışı mövcuddur. Yəni, bir tərəfdən həqiqətən də münaqişənin həllinə çalışanlar var, digər tərəfdən isə yalnız "mən gəldim, mən haqlıyam" fikrini ifadə edənlər mövcuddur".
Ekspert həmçinin bunu da bildirib ki, nəticə əldə olunarsa, bunun çox böyük təsirləri ola bilər:
"Əgər bu danışıqlar nəticə verərsə, bu, həm regional, həm də qlobal proseslərə təhlükəsizlik baxımından ciddi təsir göstərə bilər. Bu, böyük bir töhfə olar. Amma bunun hansı dərəcədə baş tutacağı hələ də müzakirə mövzusudur. Məsələn, Vladimir Putinin həmin görüşə qatılıb-qatılmayacağı da məlum deyil. Həmçinin, bu sülh danışıqlarının şərtləri necə olacaq, tərəflər bir-birini anlayacaqmı, konsensusa gələ biləcəklərmi – bütün bunlar açıq suallardır. Tutaq ki, atəşkəs əldə olundu və bir aylıq razılaşma imzalandı. Bu razılaşma sülhə real təsir göstərə biləcəkmi? Bu da sual altındadır. Hesab edilir ki, bir aylıq atəşkəs nəticə verməyə bilər. Ya müddətsiz və qəti atəşkəs əldə olunmalıdır, ya da bir ay sonra döyüşlər yenidən başlayacaq. Bu halda isə bir aylıq atəşkəs yalnız tərəflərin silahlanması üçün bir şərait yaratmış olacaq. Beləliklə, ciddi nəticələrin əldə olunacağı gözlənilmir".
Güllər Gülhüseynova