Bakı Dövlət Universitetinin professoru Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş anım tədbiri

Bölmə: MEDİA › Media-Yubiley › ,
Tarix: 10:51 24.12.2024

 Bakı Dövlət Universitetinin tanınmış alimi, filologiya elmləri doktoru, professor Famil Mehdinin 90 illik yubileyi münasibətilə anım tədbiri keçirildi.

 

"İnformator.az" xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli alim, pedaqoq və ictimai xadim Professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə fakültə rəhbərliyi, müəllimlər, tələbələr və mərhum professorun yaxınları iştirak etdilər.

 

Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışında Famil Mehdinin peşəkar yanaşması və özünəməxsus üslubu ilə yadda qaldığını qeyd etdi:

“Famil müəllim sözü sərt, amma şux deyərdi. Onun xatirəsi daim bizimlədir”.

 

Yeni kommunikasiya və informasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova professorla bağlı şəxsi xatirələrini bölüşərək, Qarabağ həsrətinin onun həyatında böyük yer tutduğunu bildirdi.

 

“Famil Mehdi deyirdi ki, Qarabağ torpaqları işğalda olarkən heç bir yubiley və tədbiri qeyd etməyi doğru saymıram”.

 

Famil müəllim də bu ağrını hər zaman qəlbində daşıyırdı.

 

Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında Famil Mehdinin Qarabağ uğrundakı sevgisini vurğulayıb. O, həmçinin tələbə və müəllimlər arasında nəzəri və praktiki biliklərin əhəmiyyətindən bəhs edərək, Famil Mehdinin bu sahədə xüsusi rolu olduğunu qeyd etdi.

 

Professor Akif Rüstəmov isə Xocalı faciəsi zamanı Famil Mehdinin yaşadığı böyük kədərdən danışdı:

 

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra onun ruhu şad oldu. Bu uğurda əməyi olan hər kəsə minnətdaram”.

 

Şagirdlərin ustada ehtiramı

 

Tədbirdə çıxış edən Famil Mehdinin tələbələri və həmkarları onun insani keyfiyyətlərini və peşəkarlığını xüsusi vurğuladılar. Yetirmələrindən biri Sevinc xanım minnətdarlıqla qeyd etdi:

“Mən Famil müəllimin çörəyini yemişəm. Ustadımızın qarşısında baş əyirəm”.

 

Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova Famil Mehdinin müsahibələrdəki ustalığını xatırlatdı:

 

“Qarabağla bağlı tədbirlərdə onun kimi yaxşı müsahib tapmaq çətin idi. O bu mövzuda həmişə ən dəyərli fikirləri söyləyirdi”.

 

“Sərt görünüş arxasında kövrək qəlb”

 

Tədbirdə çıxış edən Zaur müəllim Famil Mehdinin sərt xarici görkəminin arxasında nə qədər kövrək bir insan olduğunu vurğuladı. Mərhum professorun oğlu Şamil Mehdi isə fakültənin inkişafını görüb qürur duyduğunu bildirib və bu yolda əməyi olan müəllimləri minnətdarlıqla yad etdi.

Tədbir Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Xədicə Əlizadənin Famil Mehdinin şeirini səsləndirməsi ilə sona çatdı:

 

“Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən”.

 

Bu tədbir görkəmli alimin irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onun əziz xatirəsini yaşadanların bir araya gəldiyi unudulmaz anlara çevrildi.

 

Famil Mehdi həm akademik fəaliyyəti, həm də ziyalı mövqeyi ilə Azərbaycan elmi ictimaiyyətində dərin iz qoymuş şəxsiyyətlərdən biridir. Tədbir zamanı onun elmi fəaliyyəti, pedaqoji xidmətləri və şəxsiyyəti haqqında çıxışlar dinlənildi, xatirələr bölüşüldü.

 

Xanım Ağamalıyeva