Pistantrofobiya – Güvən hissinin itməsi

Tarix: 21:05 16.05.2025
Pistantrofobiya — insanın daha əvvəl yaşadığı xəyanət, aldatma və ya emosional zərbələr səbəbindən yenidən kiməsə güvənməkdə çətinlik çəkməsi vəziyyətidir. Bu fobiya psixoloji travmaların nəticəsi olaraq yaranır və şəxsin dostluq, sevgi və ümumiyyətlə insanlarla münasibətlərində ciddi maneələr yarada bilər. Pistantrofobiyadan əziyyət çəkən insanlar tez-tez qorxu, narahatlıq və şübhə hissləri ilə qarşılaşır və yeni münasibət qurmaqdan çəkinirlər.
Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda bu fobiya bir çox insanlarda müşahidə olunur və bu insanlar şübhə hissi ilə yaşayırlar:
"Bu fobiya anadangəlmə deyil. Sonradan insanın yaşadığı mühitdən qaynaqlanır. Məsələn, əgər valideyndə təşviş hissi varsa və ya övladını təşvişlə böyüdübsə, hər bir məsələyə həyəcanla yanaşıbsa, valideyn öz itirmə qorxularını övladına fərqində olmadan tərbiyə prosesi zamanı ötürə bilər. Çünki valideynlərin qorxuları çox vaxt uşaqların dərk etmədiyi şəkildə onlara keçir. Məsələn, uşaq nə üçün qorxduğunu, niyə bu cür yanaşmalı olduğunu bilmədən sadəcə təhlükəli nüansları mənimsəyərək yaşayır. Belə uşaqlarda təşviş və həyəcan pozuntuları xarakterə görə bəzən yüngül panik ataklarla müşahidə oluna bilər. Yetkinlik mərhələsinə keçdikcə pistantrofobiya şübhəcilik və paranoya ilə də müşahidə olunur. Demək olar ki, hər birimiz dost xəyanətindən, aldatmadan əziyyət çəkmiş ola bilərik. Amma bu cür insanlar bunu başqalarına nisbətən daha çox qloballaşdırırlar. Paranoyak düşüncələrlə hər kəsdən şübhələnməyə başlayırlar və bu insanlar bəzən uğura çatmaq qarşısında özlərinə ciddi maneələr yaradırlar. Məsələn, düşünə bilirlər ki, biri gedib başqası ilə əlaqə qura bilər və mən bundan xəbərsiz olaram. Hər hansı bir məclisə dəvət olunduqda ora xüsusi məqsədlə çağırıldıqlarını zənn edə bilərlər. Yəni, əlaqəsi olmayan, onlara aid olmayan və əleyhlərinə yönəlməmiş neqativ fikirlərdən belə əziyyət çəkirlər".
Ekspert güvən sarsıntısından da bəhs edib:
"Bu insanların güvəni sarsıldıqca insanlardan uzaqlaşa bilirlər. Təbii ki, insanlardan uzaqlaşanların özünəgüvəni də aşağı düşməyə başlayır. Bir insan əgər güvəndən əziyyət çəkirsə, güvənə bilmirsə və onu əsasən pistantrofobiyadakı şübhəcilik idarə edirsə, bu insanların, təbii ki, özünəgüvəni də aşağı olacaq".
Nəzrin Məmmədova