Gənclik sızanaqları və onun simptomları

Tarix: 21:07 16.05.2025
Sızanaq — dəri xəstəliyidir və əsasən yeniyetmələr arasında geniş yayılmışdır. Bu, dəridəki piy vəzilərinin çox yağ ifraz etməsi və ölü dəri hüceyrələrinin məsamələri tıxaması nəticəsində yaranır. Tıxanmış məsamələrdə bakteriyalar çoxalaraq iltihablı və ya iltihabsız sızanaqlara səbəb ola bilər. Sızanaqlar əsasən üz, bel, sinə və çiyinlərdə yaranır. Onların yaranmasında hormonal dəyişikliklər, genetik meyllilik, stress, düzgün olmayan dəri baxımı və qidalanma kimi faktorlar rol oynaya bilər.
Mövzu ilə bağlı dermatoloq Bəxtiyar Paşayev "İnformator.az"a açıqlamasında bildirib ki, sızanaqların bir neçə növü var və çox zaman onlar dəridəki yağlılıq səbəbindən yaranır:
"Gənclik sızanaqlarının yaranmasında əsas amillərdən biri yağlılıqdır. Bu, testosteron hormonunun piy vəzilərinə təsiri nəticəsində onların aktivləşməsi və artması ilə baş verir. Testosteron piy vəzilərinin aktivliyinə nəzarət edən bir hormondur. Bəzi insanlarda genetik olaraq bu hormona qarşı yüksək həssaslıq olur. Bu zaman piy vəziləri aktivləşir və həddindən artıq piy ifraz etməyə başlayırlar. Həmin piy, dərinin ölmüş hüceyrələri — keratinlə birləşərək tıxaclar yaradır və piy vəzilərinin axarını bağlayır, yəni piyin xaricə ifraz olunmasına mane olur. Bu da dəridə komedonlar — açıq və ya bağlı, qara və ya ağ növlərinin yaranmasına səbəb olur. Həmçinin bu tıxaclar iltihablaşa da bilər. İltihablı və iltihabsız komedon formaları mövcuddur. Bundan əlavə, oksigensiz şəraitdə inkişaf edən bakteriyalar da bu prosesə qoşularaq iltihabı daha da artırır. Yəni bu xəstəlik əsasən üç əsas amilin birləşməsi ilə yaranır: yağlılıq, məsamələrin tıxanması və bakteriyaların iştirakı".
Ekspert hormonal dəyişikliklərin də təsirindən söz açıb:
"Hormonal dəyişikliklər, əsasən, yeniyetmələrdə baş verir. Testosteronun artması sızanaqların yaranmasına təsir edir. Bəzən isə bu vəziyyəti təqlid edən digər hallar da olur. Bu, hipergonadizm adlanan — yəni testosteronun normaldan artıq olması ilə yaranan hallardır və bu zaman başqa şikayətlər də ortaya çıxa bilər. Qadınlarda bu, tüklənmə, saç tökülməsi, kürəkdə və sinədə səpkilər şəklində özünü göstərə bilər. Belə hallarda xəstə ilə geniş danışılır və əgər hormonal problemlərə şübhə varsa, endokrinoloqla birgə müayinələr aparılır".
Nəzrin Məmmədova