Trampdan 175 milyard dollarlıq layihə

Tarix: 22:15 21.05.2025
ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiəsi üçün "Qızıl Günbəz" adlandırılan müdafiə sisteminin inşa ediləcəyini açıqlayıb. Tramp, ümumi dəyərinin təxminən 175 milyard dollar olacağını bildirdiyi Qızıl Günbəz barədə, “Tam şəkildə inşa edildikdən sonra, dünyanın istənilən nöqtəsindən, hətta kosmosdan belə buraxılan raketləri məhv etmək qabiliyyətinə malik olacaq",– deyə bildirib.
Tramp, “Qızıl Günbəzi rəsmi şəkildə elan etməkdən məmnunluq duyuram. Bu, kosmosda yerləşdiriləcək sensorlar və məhvedicilər də daxil olmaqla, quru, dəniz və kosmosda yerləşdiriləcək yeni nəsil texnologiyalara sahib son dərəcə müasir bir sistem olacaq",– deyə çıxış edib.
Prezident qeyd edib ki, sistem öz prezidentlik müddəti başa çatmadan istifadəyə veriləcək və buna görə də sistemin təxminən 3 il ərzində işlək vəziyyətə gətiriləcəyi gözlənilir. Tramp əlavə edib ki, sistemin inşası üçün bu maliyyə ilində ilkin mərhələdə 25 milyard dollar büdcə ayrılacaq, növbəti illərdə isə digər planlaşdırılan xərclər həyata keçiriləcək.
ABŞ-nin bir çox raketdən müdafiə sisteminə sahib olduğunu, lakin bu cür "kompleks müdafiə sisteminə" hər zaman ehtiyac duyulduğunu bildirən Tramp, əvvəlki bəzi prezidentlərin də bu cür müdafiə memarlığı qurmaq istədiklərini, lakin bu gün texnologiyanın bunu mümkün etdiyini söyləyib. Tramp əlavə edib: “Bu gün isə daha da inkişaf etmiş texnologiyaya sahibik. Hiper səsli raketlər, ballistik raketlər və müasir qanadlı raketlər də daxil olmaqla, hamısı havada məhv ediləcək".
Haberler.com
Aygün Babayeva