Respublikaçılardan Rusiyaya sanksiya təhdidi

Bölmə: Siyasət › ,
Tarix: 21:48 23.05.2025

ABŞ senatında respublikaçıların lideri Con Tune, Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmasa, yaxın vaxtlarda yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp Admistrasiyasının Rusiyaya qarşı atdığı addımlar Rusiyanın Trampın təkliflərinə cavab verməməsi ilə birbaşa əlaqəlidir:

 

"Bildiyimiz kimi, telefon görüşməsindən sonra Tramp Ukrayna-Rusiya arasında görüşlərin çox yaxın zamanda yeni bir səviyyəyə çıxacağına, sülh müqaviləsinin imzalanacağına söz verməsinə baxmayaraq, bütün bunlar həyat keçmədi. 24 saat ərzində müharibəni həll etməyi vəd edən Tramp artıq aylardır bunu həll edə bilmir. Bunun da başlıca səbəbi Putinin Trampa meydan oxumasıdır. Bugünkü açıqlamaya gəldikdə, əlbəttə, respublikaçıların lideri Trampdan birbaşa göstərişlər nəticəsində bunları edir. Yəni, kimsə deyə bilməz ki, Trampın bundan xəbəri yoxdur. Bu sanksiyaların Rusiyaya çox ciddi təsir göstərəcəyinə inanmıram. 2022-ci ildən bəri təcrübə onu göstərir ki, Rusiya həm şəxsi imkanları ilə, həm Çin, Hindistan, Koreya, İran kimi ölkələrlə əməkdaşlıq nəticəsində müəyyən bir sıxıntı da yaransa, yenə də əhalisinin və ölkəsinin tələbatını ödəyə biləcək fəaliyyətlər aparmağı bacarıb. Hətta rus rublu bir miqdar dəyər itirsə də, yenə dollar qarşısında dəyərini qoruyub saxlaya bilib. Məsələn, eyni dövrlə müqayisədə Türkiyə lirəsi daha çox dəyər itirib, nəinki rus rublu. Bütün bunlar onu göstərir ki, sanksiyaların Rusiyaya çox ciddi bir təsiri yoxdur. Amma Putin buna cavab olaraq, öz "müttəfiqləri" ilə həm iqtisadi, həm hərbi əməkdaşlıq yaradaraq ABŞ-nin növbəti sanksiyalarına cavab verə bilər. Bu cavabın nəticəsində Ukrayna və Ruusiya qarşudurması yeni bir səviyyəyə çıxa bilər. Çünki hər kəs çox yaxşı bilir ki, əslində bu münaqişə Rusiya-Ukrayna arasında deyil, Qərb dünyası ilə Rusiya arasındadır. Tramp Admistrasiyası bunu sonlandırmaq istəsə də, Avropa belə düşünmür. Avropa geri addım atmaq istəmir. Belə bir qarşudurma daha çox Ukrayna ilə Rusiua deyil, Avropa ilə ABŞ arasında hiss edilir. İndiyə kimi, sankisiyalar Rusiyanın hərbi, iqtisadi qüvvəsini sarsıtmayıb. Onun üçün Rusiya olduğu şəkildə öz fəaliyyətini davam etdirəcək. Ukrayna bütün Qərb dünyasının hərbi imkanlarından istifadə edir və bu imkanlar kəsildiyi təqdirdə Rusiya ilə mübarizə apara bilməyəcək bir vəziyyətə gələcək. Rusiya da bunu çox yaxşı başa düşür. Ona görə mövqesini itirmək istəmir".

 

Billurə Quliyeva