Qərbi Azərbaycana qayıdış: Tarixi gerçəklik və hüquqi zərurət

Bölmə: Siyasət › ,
Tarix: 22:33 23.05.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Ankarada keçirilən konfransa ünvanladığı müraciətə dair Ermənistanın verdiyi bəyanatı qınayıb.

 

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin 21 may 2025-ci il tarixində Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda konfrans iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayıb.

Bəyanatda qeyd olunur ki, Ermənistan hökumətinin əsas insan hüquqlarından biri olan qayıdış hüququnu təmin etmək əvəzinə, təhrif olunmuş bəyanatlar yayması və məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, bu, Ermənistan istəsə də, istəməsə də reallaşacaq bir məsələdir. Bu, heç bir təhdid deyil, sadəcə olaraq tarixi ədalətin bərpasıdır:

 

“Qərbi Azərbaycan mövzusu, prinsip etibarilə, Azərbaycanın sülh gündəliyinin bir hissəsidir. Bu məsələ hazırda danışıqlar zamanı prioritet mövzulardan biri olmasa da, nəticə etibarilə sülh müqaviləsindən sonra tərəflər arasında ikitərəfli danışıqlarda müzakirə ediləcək və həlli vacib məsələlərdən biri olacaq.

Bu problem, Qərbi azərbaycanlıların 1980-ci illərdə ata-baba yurdlarından didərgin salınması ilə başlayıb. Əgər sülhdən və münaqişənin qəti sonluğundan danışırıqsa, bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə nəticələnməlidir.

Bu proses Ermənistanın istək və ya istəksizliyindən asılı olmayaraq baş verəcək. Bu, heç bir gərginliyə səbəb olmamalı, təhdid kimi qəbul edilməməlidir. Sadəcə tarixi reallığın və hüquqi ədalətin bərpasıdır.

Bu məsələ ilə bağlı rəsmi Bakının atdığı addımlar hüquqa və beynəlxalq normalara tam uyğundur.

Məsələn, Azərbaycan Qarabağda yaşayan ermənilərlə bağlı inteqrasiya prosesi elan etdi və onlar bu ərazini heç bir maneə ilə qarşılaşmadan tərk etdilər. Amma Qərbi Azərbaycan məsələsində bunun əksi ilə qarşılaşırıq.

Qayıdış hüququ ilə bağlı BMT-nin müvafiq qərarları var və bu səbəbdən prosesin hüquqi əsası tam mövcuddur”.

 

Fatimə Şahverdiyeva