Azərbaycan prokurorluğu Vyanada beynəlxalq hüquqi əməkdaşlıqda

Bölmə: Siyasət › ,
Tarix: 22:32 23.05.2025

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.

 

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, hər bir milli hüquq mühafizə sistemi özünü təkmilləşdirməklə yanaşı, nailiyyətlərini digər dövlətlərlə bölüşməyi bacarmalıdır:

 

“Bütün istiqamətlərdə beynəlxalq sahədə inteqrasiya və əməkdaşlıqların hər bir dövlət, o cümlədən Azərbaycan üçün əhəmiyyəti böyükdür. Ölkənin prokurorluq orqanlarının beynəlxalq əlaqələr sistemində atdığı addımlar və gördüyü işlər olduqca vacibdir. Bu, bir tərəfdən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin beynəlxalq təcrübə əsasında zənginləşdirilməsini şərtləndirir, digər tərəfdən isə ölkəmizin malik olduğu hüquqi təcrübəni dünya ilə bölüşməsi üçün imkanlar yaradır. Buna görə də Azərbaycan prokurorluğunun bu kimi əməkdaşlıq formatlarında iştirakı təkcə ölkəmizin deyil, eyni zamanda beynəlxalq hüquq sisteminin təkmilləşdirilməsi maraqlarının da tərkib hissəsidir.

 

Azərbaycanda məhkəmə sistemində də fasiləsiz islahatlar aparılır. Bu islahatların əsas mahiyyəti ali hüquq nəzarəti orqanı olan prokurorluğun fəaliyyətinin Konstitusiyanın tələblərinə tam uyğunlaşdırılması və qanunçuluğun müdafiəsində ən ali məqsəd və səviyyələrə çatmaqdan ibarətdir.

 

Ölkəmizdə həm demokratik inkişaf, həm hüquq yaradıcılığı, həm də qanunvericilik sahəsində aparılan islahatlarla bağlı dünyada bəzən qərəzli rəylərə rast gəlinir. Belə yanaşmaların aradan qaldırılmasında prokurorluq xətti ilə qurulan beynəlxalq əməkdaşlıqlar mühüm rol oynaya bilər. İstər prokurorluq, istər Daxili İşlər Nazirliyi, istərsə də məhkəmə sistemləri vasitəsilə Azərbaycanın beynəlxalq əlaqələri və əməkdaşlıqları son vaxtlar müxtəlif istiqamətlərdə dərinləşməkdədir. Hər bir milli hüquq mühafizə sistemi özünü təkmilləşdirməklə yanaşı, əldə etdiyi nailiyyətləri digər dövlətlərlə bölüşməyi bacarmalıdır. Bu əməkdaşlıq formatlarının ölkəmiz üçün böyük əhəmiyyəti var".

 

Fatimə Şahverdiyeva