Qarabağ və Şərqi Zəngəzurda 656 yeni iş yeri yaradılıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:21 24.05.2025

2025-ci ilin yanvar-aprel ayları ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 656 yeni iş yeri yaradılıb.

 

Əldə olunan bu göstəriciləri iqtisadi inkişaf kontekstində şərh edən Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, rəqəmlər hələ genişmiqyaslı iqtisadi dirçəlişin baş verdiyini deməyə əsas vermir:

 

“Bu rəqəm – 656 yeni iş yeri – əslində azdır. Hələlik bu ərazilərdə məskunlaşma yeni başlayıb. Ona görə də real iqtisadi aktivlik zəifdir. Regionda ümumi işsizlik problemi var, Qarabağ və Şərqi Zəngəzurda bu vəziyyətin fərqli olacağını düşünmək üçün ciddi əsas yoxdur. Yeni açılmış iş yerlərinin böyük hissəsinin qeyri-dövlət sektoruna aid olması, müəyyən mənada özəl təşəbbüslərin aktivləşməyə başladığını göstərsə də, bu tendensiyanı qəti şəkildə sahibkarlığın inkişafı kimi təqdim etmək hələ tezdir. Qeyri-dövlət sektorunda aktivliyin artması ilk baxışda müsbət görünsə də, bunun sabit bir trenda çevrilməsi üçün daha çox zamana və davamlı iqtisadi siyasətə ehtiyac var. Əgər bu templə davam edilsə belə, növbəti 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda əhəmiyyətli iqtisadi sıçrayışlar baş verəcəyini proqnozlaşdırmaq çətindir. Çünki məskunlaşmanın özü hələ ilkin mərhələdədir və bu səbəbdən əmək bazarının tam formalaşdığını demək mümkün deyil".

 

Selcan Əhmədli