Fransa Baltikyanı ölkələrə kəşfiyyat gəmisi göndərib

Tarix: 21:40 24.05.2025
Fransa Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli ola biləcək radio siqnallarını tutmaq üçün “Dupuy de Lome” kəşfiyyat gəmisini Baltik dənizinə göndərib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu hadisələr Ukrayna müharibəsindən sonra Baltik dənizi hövzəsində yeni müharibənin baş verəcək ehtimalını gücləndirir.
"Baltik dənizi Rusiya-NATO münasibətləri çərçivəsində zaman keçdikcə mübahisə yaradacaq bölgələrdən biridir. Hətta Baltik dənizində NATO-Rusiya qarşı durmasının ola biləcəyi barədə xəbərdarlıqlar da eşidirik. Xüsusilə, son hadisələrdən sonra Baltik dənizində gərginlik artır. Bu günlərdə Qərb, Avropa ölkələri Rusiyanın qaçaq neft daşıyan gəmiləri ilə mübarizə haqqında xüsusi qərar qəbul edib. Bu qərara əsasən Rusiyanın oğurluq neft daşıyıb satan pilat gəmiləri ilə mübarizə üçün xüsusi mexanizmlər işə salınıb. Hətta bu günlərdə Estoniyanın patrol gəmiləri Baltik dənizində Rusiyanın neft qaçaqmalçılığı ilə məşğul olan gəmisini dayandırmaq istərkən,
Rusiyanın qırıcı təyyarələri dərhal hadisə yerinə gəlib və gəmilərə Estoniyanın patrol gəmilərinin yaxınlaşmasına imkan verməyib. Bu hadisə Baltik dənizində NATO-Rusiya qırıcılarının toqquşması ilə nəticələnə bilərdi. Həmin hadisədən sonra Pribaltika ölkələrinə NATO-nun nəzarəti biraz daha artırılıb. Hətta bu günlərdə Almaniya Litvada 5.000 nəfərdən artıq şəxsi heyətə malik zirehli tank briqadasını yerləşdirməsi haqqında qərar qəbul edib. Bütün bunlar ona əsas verir ki, Pribaltika ölkələrinin iştirakı ilə bu bölgədə Rusiya-NATO qarşudurması getdikcə daha çətin vəziyyət alır. Belə şəraitdə Fransa gəmisinin burada yerləşməsi qətiyyən təəccüblü görünmür. Radio siqnalları tutan gəmilərlə bərabər tezliklə burada uçan radar sistemlərinin də peydə olacağını gözləmək mümkündür. O cümlədən, Pribaltika ölkələrində Fransa ordu hissələri də yerləşdirilə bilər. Çünki bu ərazilər artıq NATO-nun "müdafiə" yerləridir. Ona görə də Fransanın bu ərazidə gəmilərinin yerləşdirilməsi demək olar ki, Rusiya-NATO münasibətlərinin gərginləşməsinə gətirib çıxarır. Həm Rusiyadan, həm də NATO-dan eskalasiyanın artırılması istiqamətində yeni addımlar atılacaq. Bu hadisələr Ukrayna müharibəsindən sonra Baltik dənizi hövzəsində yeni müharibənin baş verəcək ehtimalını gücləndirir".
Səmayə Səftərova