Ənənəvi medianı yaşadaq!

Tarix: 21:40 27.05.2025
Ənənəvi medianın qədim dövrdə yaranması və inkişafı jurnalistikanın pillə-pillə zirvəyə çatmasına şərait yaradıb. Jurnalistika əsasını ənənəvi mediaya borcludur. Əgər bu gün jurnalistika özünün yüksək dövrünü yaşayırsa, bu ənənəvi medianın gətirdiyi imkanlara görədir.
Ənənəvi medianın kökləri keçmişə dayanır və özündə bir çox kütləvi informasiya vasitələrini birləşdirir. Qəzet, televiziya, jurnal, elmi kitablar və s ənənəvi medianın nümunələridir. Keçmişdə ənənəvi media yüksək qiymətləndirilir və ictimaiyyət üçün mühüm informasiya vasitəsi idi. Həmin media özündə ictimai şüuru, milli kimliyi, etik prinsipləri, jurnalistik nəzəriyyələr və s kimi peşəkar standartları daşıyır.
Müasir dövr rəqəmsallaşma dövrü olaraq həyatımızı asanlaşdırıb. Sözsüz ki, texnologiyanın inkişafı jurnalistika sahəsinə və onunla bağlı olan ənənəvi mediaya müsbət və mənfi təsir edib. Modernləşmə jurnalistikanın daha çoxşaxəli olmasına və çatışmayan boşluqları doldurmaqda vasitəçi rolunu oynadı. Amma bir nüans var. Rəqəmsallaşma özü ilə birlikdə yeni medianı jurnalistikaya inteqrasiya etdi. Nəticədə ənənəvi medianın gələcəyi üçün təhlükələr yaratdı. Təəsüf ki, hazırda ənənəvi mediaya keçmişdəki kimi ehtiyac duyulmur. Artıq ənənəvi qəzetləri elektron qəzetlər, televiziyanı canlı yayım platformaları və sosial şəbəkələr, radionu isə podkast və musiqi platformaları əvəz edir. Gənclərin əksəriyyəti qəzet, jurnal, kitab oxumur, radio dinləmir. Bir sözlə yeni nəsil ənənəvi mediaya ehtiyac duymur. Çünki onlara yeni media daha yaxındır. Zamanla bu ənənəvi medianın keçmişdə qalmasına səbəb ola bilər. Düzdür, hələ ənənəvi mediaya ehtiyac duyulur. Ehtiyac duyanlar isə onun kütləsidir. Lakin yeni medianın inkişafı onu ötüb keçir. Ənənəvi medianın geridə qalması jurnalistika üçün mənfi haldır. Çünki ənənəvi media jurnalistikanın özəyi və keçmişin canlı şahididir. Tarixdə baş verənlərin izləri ənənəvi mediadadır.
Ənənəvi media yeni dövrə uyğunlaşaraq nəfəs ala bilər. Mümkün qədər qəzet redaksiyalarına maddi və mənəvi dəstək göstərilməli, həmçinin onları rəqəmsal standartlara uyğun etməli, televiziya kanallarını həm televiziyada həm də sosial şəbəkələr, əsasən YouTube platformasında aktiv edilməlidir. Yeni media və rəqəmsallaşmanın gətirdiyi imkanlar ənənəvi mediada istifadə olunmalıdır ki, bu media özünü qoruya bilsin.
Müasir dövrdə ənənəvi medianın ocağı közərir. Çünki ənənəvi medianı yaşatmaq istəyənlər var. Əgər o közərən ocaq bir gün sönərsə, jurnalistikanın bünövrəsi sarsılar. Çalışmaq lazımdır ki, yeni medianın gətirdiyi imkanlarla birgə ənənəvi media özünü inkişaf etdirsin və modern dünya ilə ayaqlaşsın. Buna görə ənənəvi mediadakı boşluqlar doldurulmalı, texnoloji avadanlıqlarla təmin olunmalıdır. Ənənəvi medianı yaşadıb gələcək nəsillərə ötürmək lazımdır.
Rafael Məcidov