Rusiyadan Poloqovski rayonuna zərbələr 

Bölmə: Siyasət › ,
Tarix: 16:58 29.05.2025

 

Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda cəbhə bölgələrində gərginlik səngimir. Son məlumatlara görə, Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinə növbəti dəfə hava və artilleriya zərbələri endirib. Hücumların əsas hədəfi Poloqovski rayonu olub və bu, bölgədəki mülki əhali üçün ciddi təhlükə yaradıb.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya cəbhəsində vaxtaşırı bu cür ciddi zərbələrin mübadiləsi gedir:

 

"Məsələ bundadır ki, artıq müharibə mövqe qarşıdurmaları səviyyəsində aparılır. Çünki hazırda genişmiqyaslı hazırlıqlar hələ ki gözə çarpmır. Amma bu, o demək deyil ki, onlar olmayacaq. Mövqe qarşıdurması getdiyi halda tərəflər daim sabit və sakit şəkildə tədarük görürlər ki, strateji əhəmiyyətli nöqtələrə dair hücum planlarını həyata keçirə bilsinlər. Mən elə başa düşürəm ki, bu istiqamətdə Rusiyanın imkanları daha çoxdur. Çünki Rusiya, birincisi, öz maddi və strateji resurs bazasına güvənir və onu durmadan artırmağa çalışır. Ukraynanın isə imkanları bir qədər məhduddur, çünki o, daha çox xarici dəstəkdən asılıdır. Təsadüfi deyil ki, biz görürük: Almaniya, Britaniya və Fransa kimi Avropa ölkələri çox fəallıq göstərirlər ki, Ukraynanı tək qoymasınlar və onu Rusiyaya qarşı mübarizəyə davam etməyə təşviq etsinlər. Bu, artıq sadəcə dəstək deyil, biz görürük ki, Avropa Rusiyanın zəifləməsində nə qədər maraqlıdır. Onların əsas məqsədlərindən biri odur ki, Rusiya bir qədər geriyə çəkilsin, resurs bazası tükənsin və o, Ukrayna kampaniyasından sonra qərbə doğru irəliləməsin. Amma burada daha çox PR elementi özünü göstərir. Müharibələr zamanı, istər öncəsində, istər gedərkən, istərsə də sonra informasiya mübarizəsi hər zaman aktual olaraq qalır".

 

Ekspert əlavə edib ki, bu məsələlər tərəflər arasında ekzistensial ziddiyyətlərin olduğunu göstərir və bu ziddiyyətlər öz aktuallığını daim qoruyacaq:

 

"Biz Qərbin Rusiya ilə bağlı mövqeyini xatırlayanda görürük ki, indiyədək heç vaxt Qərblə Rusiya arasında normal, etibarlı və etimad əsasında qurulmuş dialoq olmayıb. Onlar həmişə bir-birilərinə badalaq gəlib, bir-birilərini aldatmağa çalışıblar. Məsələn, Sovet İttifaqının dağılmaq üzrə olduğu Qarbaçov dövründə belə, Qərbdən zəmanət alındı ki, əgər Sovet qoşunları Şərqi Avropadan çıxarılarsa, NATO Şərqə doğru genişlənməyəcək. Amma nəticədə tam əksi baş verdi. İndi Rusiya deyəndə ki, ona qarşı 50-dən çox ölkə vuruşur, bu, uydurma deyil — bu, həqiqətdir. Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Ukraynanın tərəfindədir, ona dəstək verir. Qərb ölkələri və digər bir çox dövlətlər də Ukraynanın tərəfindədir və Rusiyanın bu 'xüsusi əməliyyatı'nı qınayırlar. Rusiya isə çoxdan bildirib ki, çıxılmaz vəziyyət onu bu əməliyyata sövq etdi. Ukraynada hakimiyyətə gəlmiş sağ sektorun fəalları artıq gizlətmirdilər ki, Rusiya ilə müharibəyə hazırlaşırlar. Hazırda Ukrayna tərəfində döyüşənlər çox böyük məharət, ustalıq və təcrübəyə malik şəxslərdir. Onlar Britaniya, Polşa, Litva və Almaniyanın instruktorlarının hazırladığı şəxslərdir. Faktiki olaraq biz görürük ki, Rusiyaya qarşı səssiz, dinc bir plan hazırlanırdı ki, onu tələyə salsınlar. Rusiya da bütün bu məlumatları kəşfiyyat vasitəsilə əldə edərək qərara gəldi ki, bu hücum həyata keçirilməlidir — yəni, bu xüsusi əməliyyat başlanmalıdır. İndi isə düşünürəm ki, bu prosesin kökündə duran əsas niyyət odur ki, əlverişli məqam yetişən kimi ya Rusiya öz hücumunu, ya da Ukrayna əks-hücumunu həyata keçirsin. Hazırlıq səviyyəsi və şəxsi heyətin ruh yüksəkliyi bu proseslərə birbaşa təsir göstərəcək".

 

Gülhüseynova Güllər