Təhsil sistemində rəqəmsallaşma

Bölmə: Sosial › ,
Tarix: 17:41 29.05.2025

Təhsildə rəqəmsallaşma — müasir texnologiyaların və rəqəmsal alətlərin təhsil prosesinə inteqrasiyasıdır. Bu, sadəcə elektron lövhələr və ya onlayn dərslərlə məhdudlaşmır, həm də tədrisin metodikasının, müəllim-şagird münasibətlərinin, qiymətləndirmə sistemlərinin və ümumilikdə öyrənmə mühitinin köklü şəkildə dəyişməsi deməkdir.

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil sistemində, xüsusilə də orta məktəb sektorunda onlayn təhsil əlverişsiz vəziyyətdədir:

 

“Sadəcə 3-5 məktəbdə müəyyən şərait var deyə, internet şəbəkəsi və digər rəqəmsal resurslar qaydasındadır deyə bütün məktəblər də eyni vəziyyətdədir deyə bilmərik. Biz pandemiya dövründə açıq şəkildə bunun şahidi olduq ki, bir çox məktəblər bu "imtahan"dan çıxa bilmədilər. Pandemiya bitdikdən sonra orta məktəblərdə ənənəvi dərslərə keçildi, lakin mövcud şəraitsizlik hələ də qalmaqdadır. Elə məktəblər var ki, orada onlayn təhsili bir kənara qoyaq, ümumiyyətlə, normal internet çıxışı yoxdur. Hər ailədə internetə qoşulmaq üçün uyğun şərait və imkan da mövcud deyil. Ailə var ki, övladının təhsil xərclərini güclə qarşılayır.

 

Müəllimlərin rəqəmsal bacarıqları üzrə təlimləri də aşağı səviyyədədir. Bu gün elə müəllim var ki, internetdən lazımınca istifadə etməyi bacarmır və bu, onun günahı deyil.

 

Əgər ölkədə hər bir ərazi və hər bir məktəb üçün yetəri qədər şərait yaradılsa və tam təmin edilsə, süni intellekt və avtomatlaşdırılmış təhsil əlbəttə ki, inkişaf üçün çox gözəldir. Şagirdlərin və təhsil verənlərin iş imkanı və təhsil alma imkanı daha əlçatan olacaq. Amma ölkəmizdə problem doğura biləcək bütün vəziyyətlər həll olunmadan keyfiyyətli onlayn təhsildən və süni intellektə əsaslanan avtomatlaşdırılmış təhsil sistemindən söz gedə bilməz".

 

Çimnaz Telmanqızı