Yatmazdan əvvəl hansı qidaları qəbul etmək olmaz?

Tarix: 22:15 29.05.2025
Yatmazdan əvvəl qəbul edilən turş meyvə və tərəvəzlər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Belə məhsulların qəbulu sağlam yuxunu poza və xroniki sağlamlıq problemlərinə səbəb ola bilər. Onlar turşu reflüksuna gətirib çıxarır. Bu zaman mədənin içindəki qida qalıqları qida borusuna geri qayıdır və bu da narahatlığa səbəb olaraq normal yuxu ritmini poza bilər.
Yatmazdan əvvəl qəbul edilməməli olan turşulu qidalar arasında portağal, pomidor və qreypfrut kimi məhsullar var. Bu meyvələr mədədə yanma hissi yarada bilər ki, bu da rahat yatmağa imkan verməz. Yağlı qidalar isə həzm prosesini ləngidir və mədədə ağırlıq hissi yaradaraq turşu reflüksuna səbəb ola bilər.
Bu məsələ ilə bağlı dietoloq Məhəmməd Abdullayev “İnformator.az”a açıqlamasında bildirib ki, axşam saatlarında sirkadiyen ritmə uyğun olaraq bədənimiz yuxuya hazırlaşır:
“İnsan yatmazdan ən azı 4 saat əvvəl qidalanmanı dayandırmalıdır. Çünki bu vaxtdan sonra həzm orqanları istirahət rejiminə keçməlidir. Yatdığımız zaman melatonin hormonu ifraz olunur. Melatonin aktiv olduqda, səhərə qədər daha gümrah və dincəlmiş vəziyyətdə oyanmış oluruq.
Axşam saatlarında və yeməkdən dərhal sonra meyvə yeyilməməlidir. Əgər insan saat 00:00-da və ya 01:00-da yatacaqsa, sonuncu yeməyini ən gec saat 20:00-da bitirməlidir.
Yuxudan əvvəl aclıq hissi ola bilər. Bu aclıq emosional da ola bilər, real fizioloji aclıq da. Əgər insanın gündəlik qidalanması kifayət qədər kalori ilə təmin olunmayıbsa, orqanizm həqiqətən də aclıq hiss edə bilər. Qidalanma tərkibi isə kifayət qədər balanslı və effektiv olmalıdır – karbohidratlar, zülallar, yağlar və digər qida maddələri uyğun nisbətdə qəbul edilməlidir".
Müsahibimizin sözlərinə görə, turşulu qidalar reflüksü tətikləyə bilər. Hər nə qədər turş dadlı olsalar da, bu qidalar orqanizmdə qələvi mühit yarada bilər:
"Mədədə isə normalda turş mühit mövcuddur. Turş qidalar bu mühiti zəiflədə və nəticədə mədə daha çox turşu ifraz etməyə başlaya bilər. Əgər mədənin selikli qişasında yara varsa, bu proses həmin yaranı aktivləşdirə və mənfi təsir göstərə bilər. Bu hal həmçinin reflüks probleminin yaranmasına gətirib çıxara bilər.
Yağlı qidalarla bağlı isə, əgər insan balanslı şəkildə qidalanırsa, öd və öd yollarının fəaliyyəti normaldırsa, qaraciyər və öd kisəsi kifayət qədər öd ifraz edə bilirsə və yağ metabolizmasında problem yoxdursa, bu zaman yağlı qidaların axşam saatlarında qəbulu mümkündür".
Məhərrəmli Xədicə