İran müharibə hazırlıqlarına başlayıb-ŞƏRH

Tarix: 19:58 04.06.2025
İran nüvə danışıqları uğursuz olarsa, Amerika və ya İsrailin ölkənin nüvə infrastrukturuna hücum ehtimalına hazırlıq fonunda hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Həşim Səhrablı bildirir ki, İran ilə Tramp administrasiyası arasında danışıqlar başladığı ilk gündən ortada bir reallıq görünürdü ki, bu danışıqların məntiqi nəticə əldə etmək ehtimalı çox azdır:
“Çünki hər iki tərəf həm İran, həm Tramp administrasiyası elə şərtlər irəli sürürdülər ki, bir tərəfin digərinin şərtini qəbul etməsi mümkün deyildi. Arada ciddi təzadlar yaranırdı. Məsələn, Tramp administrasiyası deyildi ki, biz İrana güvənə bilmərik, gərək nüvə enerjisinin inkişafı tam mənada dayandırılsın. Yəni, burdan belə bir nəticə çıxır ki, onlar İranın sivil məqsədləri üçün belə nüvə enerjisi, nüvə potensialını inkişaf etdirməsini istəmirdilər. Eyni zamanda İran tərəfi isə əvəzində bildirirdi ki, nüvə enerjisini zənginləşdirməyə potensialı artırmağa davam edəcik. Amma hərbi məqsədlər üçün istifadə etmək niyyətimiz yox idi. Barışmaz bir mövqe var idi. Tərəflər bir-birinə güvənmirdilər bir etimadsızlıq hökm sürürdü ki, etimadın olmadığı bir yerdə də razılaşmanın əldə edilməsi, düşünürəm ki, müşkül məsələyə çevrilir. İndi danışıqlar düzdü, bitməsə də sonrakı mərhələlər və onların nəticələri deməyə əsas verir ki, hər iki tərəf arasında razılaşmaya çatmaq, ən azından bir orta yol xətt izləmək çətin məsələ olacaq. Əgər razılaşma olmazsa, danışıqlar prosesi məntiqsiz qərarlar şəklində hədəfə çatmadan, yəni razılıq əldə olunmadan bitərsə, o halda İranın ABŞ və İsraildən zərbə ehtimalına qarşı hərbi potensialını gücləndirilməsi və ordunun hazır vəziyyətə gətirilməsi, müdafiə və hücum sistemlərini hazır vəziyyətə gətirilməsi mümkün ehtimallardan biridir. Amma mən düşünmürəm ki, bu, hər hansısa bir regional müharibə və ya müharibədən doğan qlobal bir münaqişəyə çevrilə bilər. Çünki indi elə bir vəziyyət yaranıb ki, nə Amerikanın Yaxın Şərqdə İranla müharibəyə girmək həvəsi olsun, nə İsrailin bu qədər problemlər fonunda İran kimi güclü bir dövlətlə müharibəyə başlamaq istəyi olsun, nə də İranın qarşılaşdığı iqtisadi, sosial problemlər fonunda və bir növ sivil dünyadan təcrid olunmuşluq fonunda heç gözləmək olmaz ki, Amerika kimi böyük dövlətlə İsrail kimi yüksək hərbi, texnoloji inkişaf yolu qət etmiş bir ölkə ilə müharibə aparsın və ya bunu istəsin. Ona görə də indi tərəflər ənənəvi illərdir süzülüb gələn o diplomatik “savaş nöqtəsindən” davam edəcəklər".
Həmçinin şərhçi qeyd edib ki, Çin və Rusiya hər nə qədər bəyanatlarında sabitlik istədiklərini desələr də, Yaxın Şərqdə razılığın əldə olunmasından yana olduqlarını bildirsələr də, əslində Amerikanın İranla kriz vəziyyətində qalması onların xarici maraqları üçün istənilən bir haldır:
“Ona görə də indi İran tərəfi əslində başa düşməlidir ki, bu məsələdə Rusiya və Çinə güvənmək və onların təkliflərindən və ya məsləhətlərindən çıxmaq əslində İranın özünü Amerika kimi güclü bir hərbi texniki imkanlara malik dövlətlə üz-üzə qoyur və onu daha çox risk altında saxlayır. Amma İran tərəfi yaxşı anlayır ki, əgər belə bir müharibə olacaqsa və İran, İsrail və ABŞ ordularının birgə hücumuna məruz qalarsa və ya hər hansı başqa bir ölkədə bu iki tərəf arasında münaqişə alovlanarsa, o halda İranın güvənə biləcəyi iki ölkə- biri Çindirsə, biri də Rusiyadır. Belə olduğu halda İran tərəfi bir növ məcburiyyətdən Rusiya və Çini görməzdən gələ bilməz. Lakin ümumiyyətlə götürdükdə Rusiya və Çinin addımları Yaxın Şərqdə, xüsusən İran-ABŞ, İran-İsrail münasibətlərində həlldən daha çox problemin uzanmasına yönəlir. Bu da ondan irəli gəlir ki, bu iki tərəfin bir-biri ilə müharibə vəziyyətində qalması Rusiya və Çinin ABŞ-nin başının qarışması fonunda bir az rahat nəfəs almasına kömək edir”.
Aysel Mirzəyeva