Rusiya Dnepropetrovsk vilayətinə irəliləyiş iddia edir

Tarix: 11:05 09.06.2025
Rusiya ordusunun Ukraynanın mərkəzində yerləşən Dnepropetrovsk vilayətinə ilk dəfə daxil olduğunu iddia edib. Lakin Ukrayna rəsmiləri bu iddianı təkzib edərək, məlumatın dezinformasiya olduğunu bildiriblər.
Rusiya rəsmilərinin bildirdiyinə görə, aylarla davam edən cəhdlərdən sonra rus qüvvələri nəhayət Dnepropetrovsk bölgəsinə daxil olub. Bu açıqlama Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətinin qərb hissəsinə də çatdıqlarını elan etməsindən sonra verilib. Qeyd edək ki, Donetsk 2022-ci ildə Rusiya tərəfindən qeyri-qanuni şəkildə ilhaq edilən dörd vilayətdən biridir.
Hazırda hücumun miqyası və Moskvanın genişmiqyaslı məqsədləri aydın deyil. Ukrayna tərəfi isə Rusiyanın bu açıqlamalarını əsassız adlandıraraq, döyüş bölgəsində belə bir irəliləyişin qeydə alınmadığını bildirib.
Əgər bu məlumat təsdiqlənsə, Dnepropetrovsk vilayətinə irəliləyiş Ukrayna ordusu üçün ciddi geriləmə ola bilər. Bu hadisə, sülh danışıqlarının dayandığı və diplomatik prosesin zəiflədiyi bir dövrə təsadüf edir.
Digər tərəfdən, son həftələrdə Rusiya qüvvələri ölkənin şimalında yerləşən Sumı vilayətində də müəyyən irəliləyişlər əldə edib.
ANEWZ
Gülhüseynova Güllər