“G7 sammiti dünya siyasi səhnəsində önəmli platformalardan biridir ”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:09 12.06.2025

ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı dünya liderləri ilə çoxsaylı təkbətək görüşlər keçirəcək.

Bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək ikitərəfli görüşlər olacaq”, - mətbuat katibi bildirib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, G7 sammiti dünya siyasi səhnəsində önəmli platformalardan biridir.

 

“Burada qlobal problemlər müzakirə edilir. ABŞ-də qlobal güc olaraq bu platfortmada həlledici dövlətlərdən biri olaraq önə çıxır. Buna görə də ABŞ liderinin G7 sammitində iştirakı son dərəcədə önəmlidir. Hazırda ABŞ-də ciddi problemlər olsa da bu ölkə dünyanın geosiyasi və geoiqtisadi mənzərəsinə ciddi şəkildə təsir etmə gücünə sahibdir. Trampın təkcə tarif qərarı dünya iqtisadiyyatında təlatümlər yarada bilər”.

 

 

Ekspert diqqətə çatdırıb ki, G7 sammitində liderlərin masasında bir çox mövzular ola bilər:

 

“Amma prioritetlər Ukrayna müharibəsi, Yaxın Şərq və Birləşmiş Ştatlarla-Çin gərginliyi olacaq. Bu məsələlərin G7 sammitində müzakirəsi o demək deyil ki, problemlərin həlli üçün perspektivlər yaranacaq. Çünki ABŞ ilə G7-nin demək olar ki, bütün üzvləri arasında ziddiyyətlər var. Məsələn, ABŞ ilə Kanada və Böyük Britaniya, ABŞ ilə Avropa İttifaqının aparıcı dövlətləri olan Fransa Almaniya arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşir. Bu baxımdan sammitdən hansısa ciddi nəticənin əldə olunacağı ehtimalı azdır”.

 

 

Nuray Əliyeva