HƏMAS-dan İranla tam həmrəylik çağırışı

Tarix: 17:53 13.06.2025
İsrailin qanlı hücumuna münasibət bildirən HƏMAS İranla tam həmrəylik içində olduqlarını elan edərək, “İslam ümməti və onun canlı qüvvələri bu təhlükəli təcavüzə qarşı birgə və koordinasiyalı mövqe sərgiləməlidir", – deyə bəyan edib.
Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, HƏMAS yaydığı bəyanatda bildirib: “İşğalçı Sionist rejimin bu səhər İran İslam Respublikasına qarşı həyata keçirdiyi genişmiqyaslı hücum son dərəcə təhlükəli bir cinayətdir. Bu, ifratçı Netanyahunun rəhbərlik etdiyi kabinetin Talmudist sayıqlamalarına və hegemonluq cəhdlərinə xidmət etmək məqsədilə bölgəni genişmiqyaslı qarşıdurmalara sürükləməkdə israrlı olduğunu göstərir".
“HƏMAS olaraq İran İslam Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Səlami, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bakıri və çoxsaylı nüvə aliminin şəhid olması münasibətilə İran rəhbərliyinə və xalqına ən dərin hüznlə başsağlığımızı bildiririk",– deyə bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin bildirilib:
“Bu gün İran, Fələstini və müqavimət cəbhəsini dəstəkləyən prinsipial mövqeyi və müstəqil milli iradəsinə sadiqliyi səbəbindən ağır bir bədəl ödəyir. Bu reallıq İslam ümmətinin və onun canlı qüvvələrinin bu təhlükəli təcavüzə qarşı birgə və koordinasiyalı şəkildə hərəkət etməsini zəruri edib. Çünki Sionist rejim ümmətin əsas düşmənidir və ona qarşı mübarizə xalqlarımızı bu rejimin cinayətlərindən və ekspansionist planlarından qorumaq üçün səflərin birləşdirilməsini, səylərin artırılmasını tələb edən taleyüklü bir savaşdır".
Haberler.com
Aygün Babayeva