Sülhə təhlükə, yoxsa dəstək?-Fransanın mövqeyi

Bölmə: Siyasət › ,
Tarix: 19:00 30.06.2025

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi açıq dəstək bəyanatları son günlərdə həm Ermənistan daxilində, həm də regionda ciddi müzakirələrə səbəb olub. Deputat İşxan Saqatelyanın dediyinə görə, bu cür çıxışlar Ermənistanın daxili işlərinə müdaxilə olmaqla yanaşı, Fransa-Ermənistan münasibətlərinə də uzunmüddətli zərər vura bilər. Onun fikrincə, Makronun “demokratiyanın müdafiəsi” adı altında etdiyi çıxışlar əslində Paşinyanın avtoritar meyillərinə legitimlik qazandırır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Emmanuel Makronun bu cür addımları regionda həssas tarazlıqlara mənfi təsir göstərməkdədir:


“Emmanuel Makronun Ermənistan rəhbərliyinə açıq dəstəyinin Fransa-Ermənistan münasibətlərinə təsiri zamanla daha mürəkkəb hal ala bilər. İlk baxışdan bu mövqe strateji tərəfdaşlıq və ‘demokratik dəyərlərə’ sadiqlik kimi təqdim olunsa da, Ermənistan cəmiyyətindəki narazılıqlar göstərir ki, bu dəstək birtərəfli siyasi simpatiyadan daha çox, daxili balansın pozulmasına səbəb olur. Əgər bu yanaşma davam edərsə, Fransa Ermənistanda bütün siyasi spektrin deyil, yalnız hakimiyyətin tərəfdaşı kimi qəbul ediləcək və nəticədə ikitərəfli münasibətlərdə uzunmüddətli narahatlıq yaranacaq”.


Politoloqun sözlərinə görə, Makronun bəyanatları daxili siyasi proseslərə müdaxilə kimi qiymətləndirilməlidir:


“Makronun bəyanatlarını Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmək tamamilə əsaslıdır. Paşinyanın tənqidçiləri bunu haqlı olaraq daxili siyasi mübarizədə xarici dayaqların gücləndirilməsi cəhdi kimi dəyərləndirirlər. Bu, klassik geosiyasi strategiyanın – nüfuz dairəsi yaratmaq üçün ‘demokratiya müdafiəsi’ni maska kimi istifadə etməyin – tərkib hissəsidir. Lakin Fransa bu müdaxilə görüntüsünü balanslaşdırmadan davam etdirərsə, onun bölgədəki təsiri yalnız formal müttəfiqlərlə məhdudlaşacaq və daha geniş regional əməkdaşlıq imkanlarını itirəcək”.


Züriyə Qarayeva həmçinin bildirib ki, Fransanın bu mövqeyi Cənubi Qafqazda regional balansı sarsıda bilər:


“Fransanın hazırkı mövqeyi Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində balansı pozur. Fransanın birtərəfli yanaşması tərəfsiz vasitəçilik mövqeyinə xələl gətirir və bu, Brüssel platformasının da effektivliyinə kölgə sala bilər. Azərbaycan ictimaiyyəti və rəhbərliyi Fransa hökumətinin addımlarını konstruktiv vasitəçilikdən çox, təzyiq aləti kimi qiymətləndirir. Bu da regionda uzunmüddətli sülhə deyil, qarşıdurma risklərinin artmasına xidmət edir. Belə bir yanaşma nə Fransa üçün, nə də bölgə xalqları üçün real fayda gətirməyəcək”.


Solmaz Muradova