Azərbaycan-Ermənistan sülh prosesi- Konstitusiya maneəsi və geosiyasi risklər

Bölmə: Siyasət › ,
Tarix: 19:03 30.06.2025

Son aylarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması ilə bağlı müsbət siqnallar artsa da, prosesin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanın əsas şərtlərindən biri Ermənistan Konstitusiyasından Qarabağla bağlı müddəanın çıxarılmasıdır. Lakin bu dəyişiklik referendum tələb etdiyindən, proses ciddi daxili və xarici siyasi gərginliklərlə müşayiət olunur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda Ermənistanda belə bir referendum keçirmək risklidir:


“Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Siyasi savaşın qızğın dövründə, həm də geosiyasi güclər – Rusiya və Qərb arasında gedən mübarizənin fonunda konstitusiya dəyişikliyi çox risklidir. Paşinyan üçün bu, siyasi intihar ola bilər. Çünki müxalifət onu dərhal ‘satqınlıq’ və ‘türklərlə işbirliyi’ ilə ittiham edəcək”.


Əli Mustafanın fikrincə, Ermənistan cəmiyyətində getdikcə Azərbaycanın və Türkiyənin əməkdaşlıq təklifinin əhəmiyyəti dərk olunmağa başlayır:


“Bu ideya artıq cəmiyyətə yavaş-yavaş yeridilir. Xilas yolunun Azərbaycan və Türkiyə ilə uzlaşmadan keçdiyini anlayanların sayı artsa da, hələ də antitürk təbliğatının təsirində olan ciddi kütlə var. Paşinyan indi referendum keçirsə, nəticə onun üçün çox mənfi ola bilər. Ona görə düşünürəm ki, bu məsələ seçkilərdən sonraya saxlanacaq”.


Politoloq hesab edir ki, Azərbaycanın irəli sürdüyü şərtlər tamamilə beynəlxalq hüquqa uyğundur:


“Azərbaycanın ərazi bütövlüyünü tanımayan bir maddənin Ermənistan Konstitusiyasında qalması, açıq şəkildə təcavüz aktı kimi qiymətləndirilə bilər. Azərbaycanın bu müddəanın çıxarılmasını tələb etməsi haqlıdır. Beynəlxalq hüquq da bu tələbə əsas verir”.


Ə.Mustafa qeyd edib ki, Paşinyanın yaxın zamanlarda bu istiqamətdə addım atması ehtimalı azdır. Lakin prosesin gələcəkdə baş verməsi üçün Ermənistanda ictimai rəyin formalaşması və siyasi yetkinliyin artması vacibdir:


“İnsanlar antitürk zəhərindən qurtulmadan bu dəyişikliklər baş verməyəcək. Amma zaman keçdikcə, cəmiyyətin düşüncə tərzi dəyişdikcə, bu ssenarinin reallaşması mümkün olacaq. Paşinyanın əsas vəzifəsi Ermənistan xalqını inandırmaqdır ki, regionda sabitlik və inkişaf yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.


Solmaz Muradova