İran səfirinin Qərbi Azərbaycan açıqlamaları-Bakıdan sərt reaksiya

Tarix: 19:06 30.06.2025
Son günlər İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı verdiyi bəyanatlar Azərbaycanda ciddi narahatlıq doğurub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu çıxışları sərt şəkildə tənqid edərək, səfirin İslam Əməkdaşlıq Təşkilatının qərarlarını təhrif etdiyini və bunun bölgədə sabitliyə zərbə vurduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Natiq Miri bildirib ki, İran diplomatı tərəfindən səsləndirilən bu bəyanatlar təkcə fərdi mövqe deyil, Tehran rəhbərliyinin bölgədə yürütdüyü siyasətlə uzlaşır:
“Azərbaycan dövlətini də maraqlandıran əsas məqam ondan ibarətdir ki, İranın rəsmi mövqeyi dəqiq müəyyənləşdirilməlidir. Bu cür açıqlamalar bir diplomat üçün sərhəddi aşan davranışlardır. Əgər söhbət Azərbaycan-Ermənistan münasibətlərindən gedirsə, üçüncü bir dövlətin bu prosesə müdaxiləsi yolverilməzdir. İran səfirinin verdiyi qərəzli və aqressiv açıqlamalar həm diplomatik, həm də siyasi cəhətdən yolverilməzdir”.
Siyasi şərhçi əlavə edib ki, bu cür bəyanatlar ikitərəfli münasibətlərə ciddi təsir göstərə bilər:
“Hazırda ortada birbaşa gərginlik olmasa da, bu hadisə yeni bir gərginlik mərhələsinin başlanğıcı ola bilər. Diplomatik protokola uyğun olaraq İran Xarici İşlər Nazirliyinə nota verilməsi məqsədəuyğundur. Qərbi Azərbaycan məsələsi Azərbaycanın daxili və tarixi məsələsidir. İranın bir diplomatı bu haqda hökm verə bilməz”.
Natiq Miri həmçinin qeyd edib ki, İranın bu davranışı Ermənistanın müstəqil siyasət yürütmək qabiliyyətinə şübhə yaradır:
“Burada məsələ təkcə İranın mövqeyi deyil, Ermənistanın siyasi iradəsizliyidir. İran səfirinin bu cür çıxışları, sanki Ermənistanın siyasi hamisi olduğunu göstərməyə xidmət edir. Bu, Ermənistan hökumətinin regiondakı güclərə tabe siyasət yürütdüyünün göstəricisidir. Əgər Ermənistan həqiqətən də müstəqil dövlət kimi çıxış edirsə, belə bir müdaxiləyə susmamalı və reaksiya verməlidir”.
Politoloq sonda əlavə edib ki, Qərbi Azərbaycanlıların Ermənistandan qovulması tarixi və hüquqi faktdır və heç bir dövlət bu gerçəyi danaraq Azərbaycan ictimaiyyətinə təzyiq göstərə bilməz.
Solmaz Muradova