İsrail müdafiə naziri husilərə cavab tədbiri ilə hədələyib

Tarix: 09:38 02.07.2025
İsrailin müdafiə naziri İsrael Katz Yəməndən İsrailə atılan raketin ələ keçirilməsindən sonra husilərə cavab veriləcəyini bildirib. O, keçən ay İranın nüvə və raket obyektlərinə qarşı baş vermiş 12 günlük münaqişəyə toxunaraq qeyd edib:
“Yəmənin taleyi Tehranın taleyi ilə eynidir. Tehranda ilanın başını vurduqdan sonra Yəməndəki husiləri də vuracağıq. Kim İsrailə əl qaldırarsa, o əl kəsiləcək". Husi hərəkatı raket hücumuna görə məsuliyyəti qəbul edib. Qruplaşmanın sözçüsü Yahya Saree İsrailin hava limanı da daxil olmaqla bir neçə hədəfin vurulduğunu açıqlayıb.
İsrail, hücumların davamı halında husiləri dəniz və hava blokadası ilə hədələyib. Husilər Qəzzadakı müharibəyə etiraz olaraq İsrailə və Qırmızı dənizdəki ticarət gəmilərinə qarşı onlarla raket və pilotsuz təyyarə ilə hücum edib. Bu hücumların çoxu ələ keçirilib və uğursuz nəticələnib. Cavab olaraq İsrail bir neçə dəfə zərbələr endirib.
ABŞ-nin İsraildəki sabiq səfiri Mike Huckabee sosial şəbəkədə bildirib ki, husilərin hücumu İsrailin müdafiə sisteminin gücünü bir daha göstərdi. O qeyd edib ki, təhlükə davam etdiyi təqdirdə ABŞ-nin B-2 bombardmançıları ilə Yəmənə cavab verilməsi düşünülə bilər. Həmin bombardmançılar İranın nüvə obyektlərinə endirilmiş zərbələrdə də iştirak edib.
Reuters
Qəmər Kazımzadə