"MŞ özünü məhkəmələrin əlavəsi deyil, münasibətlərin araşdırılmasında onlara alternativ qurum hesab edir" - Nəsir Əhmədli

Bölmə: MEDİA › ,
Tarix: 12:11 07.05.2016

Musahibe.az-ın bu dəfəki müsahibi, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlidir.

 -Bugünkü jurnalistika dünənki jurnalistikadan, əsasən, nə ilə fərqlənir?

- “Dünənki jurnalistika” dedikdə həm sovet dövrü jurnalistikasını, həm də müstəqilliyin ilk onilliklərindəki jurnalistikanı nəzərdə tutmaq olar. Söhbət sovet dövründən gedirsə, bu suala 1956-cı ildə ABŞ-də nəşr olunmuş “Mətbuatın dörd nəzəriyyəsi” (“Four theories of the press”) kitabının müəllifləri Fred S.Sibert, Uilbur Şramm və Teodor Pitersonun sözləri ilə cavab vermək olar: “KİV hansı cəmiyyətin çərçivəsi daxilində fəaliyyət göstərirsə, həmin cəmiyyətin sosial və siyasi strukturlarının formasını və çalarını qəbul edir”. Deməli, sovet dövrü jurnalistikası ilə müstəqillik dönəminin jurnalistikası arasındakı əsas fərq də ictimai münasibətlərin iki sistemi arasındakı fərqlə şərtlənir. Söhbət müstəqillik dövrünün ilkin və sonrakı illərindən gedirsə, bunu “jurnalistikasını primitivlikdən mükəmməlliyə doğru təkamülü” kimi səciyyələndirmək olar.

- Hazırda hərbi əməliyyatlarla bağlı informasiyalar KİV-də etik prinsiplər çərçivəsində işıqlandırılırmı?

- Müharibə dövrünün öz prinsipləri var. Burada əsas rolu etik normalardan daha çox milli qeyrət, vətəndaşlıq mövqeyi, Vətən təəssübkeşliyi və təbii ki, həm də jurnalist peşəkarlığı oynayır. Burada iqtidar-müxalifət ayrı-seçkiliyi yoxdur. Siyasi yönündən asılı olmayaraq özünü təsdiqləmiş informasiya vasitələrinin hamısında, bəzi naşılıqları nəzərə almasaq, müharibə dövrünün prinsiplərinə, demək olar ki, əməl edilir. Əsas problem elektron media ilə bağlıdır. Burada qeyri-peşəkarlar daha çoxdur.

- Bəs, İdarə Heyətinin üzvü olduğunuz Mətbuat Şurası hərbi əməliyyatlarla bağlı informasiyalarda müharibə dövrünün prinsiplərinə riayət etməyən elektron media və ya print mətbuat nümayəndələrinə necə münasibət bəsləyir?

- Portallar, saytlar, sosial şəbəkələr o qədər geniş və sistemsizdir ki, onların hamısına tam nəzarət etmək hələlik mümkün deyil. Bununla belə, biz gücümüz çatan hər şeyi edirik: tez-tez müraciətlər qəbul olunur, monitorinqlər keçirilir, naşı yazıların müəllifləri Mətbuat Şurasına çağırılır, onlara tövsiyələr verilir və s.

- MŞ-nin Şikayətlər üzrə Komissiyasına daxil olan şikayət və təkliflər necə qiymətləndirilir?

- Əksər hallarda MŞ şikayətçiyə təklif edir ki, problemi cavabdeh tərəflə danışıqlar yolu ilə həll etsin. Məlum olsa ki, bu üsulla problemi həll etmək mümkündür, onda şikayətə baxılmamış cavabdeh mətbu orqanın redaktoruna müraciət edilir. Redaktor şikayəti İcraçı katiblə müzakirə etməyə razılıq verirsə, sonuncu 10 gündən gec olmayaraq həmin mətbu orqanın rəhbəri ilə görüşməyə və problemin ilkin mərhələdə danışıqlar yolu ilə həll olunmasına səy göstərməyə borcludur. Məlum olsa ki, mətbu orqanla bağlı şikayətə məhkəmə qaydasında da baxılmasına əsas verən amillər var, onda şikayətçiyə məsləhət görülür ki, MŞ şikayətə baxıb yekun qərar çıxarmamış o, həmin iş üzrə məhkəməyə müraciət etməsin və bununla bağlı müvafiq sənəd imzalasın. Bu onunla izah edilir ki, MŞ özünü məhkəmələrin əlavəsi deyil, münasibətlərin araşdırılmasında onlara alternativ qurum hesab edir. Bundan başqa, MŞ hər hansı işin məhkəmə perspektivi olması barədə müvafiq redaksiyanı xəbərdar edir.

-Hazırkı vəziyyətlə bağlı olaraq xarici ölkələrdə, xüsusən də Rusiyada bəzi ermənipərəst KİV nümayəndəlikləri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aktiv fəaliyyətə keçiblər. Bu istər facebook, istərsə də twitter sosial şəbəkəsində də aşkar görünür. Buna müvafiq olaraq yerli KİV qurumları nələr edir?

- Ermənilərin təbliğat maşını həmişə bizimkindən güclü olub. Səbəb isə budur ki, onların əksər aparıcı ölkələrdə güclü diasporları və lobbiləri var. Məsələn, Rusiyada, Fransada elə bir populyar media qurumu yoxdur ki, orada erməni jurnalistlər olmasın. Biz vaxtında bu işi lazımi səviyyədə qura bilməmişik. Yalnız son vaxtlar bu sahədə müəyyən canlanma duyulmaqdadır. Moskva telekanallarındakı müzakirələr zamanı bir neçə politoloq və jurnalist soydaşımız erməni və ermənipərəst həmkarlarını aşkar faktlarla susdura biliblər. Təəssüf ki, biz onları da qoruya bilmirik. Məsələn, onlardan biri, 1997-ci ildən Türkiyənin İxlas Xəbər Agentliyində çalışmış, son 6 ildə isə agentliyin Moskva təmsilçisi olmuş Fuad Abbasov Rusiyanın “TVC” telekanalında yayımlanan “Pravo qolosa” (“Səs hüququ”) tok-şousunda çıxış etdikdən sonra işdən çıxarılıb. Düşünürəm ki, dövlətimizin informasiya siyasətində əsaslı yenidənqurma işı aparmaq, beynəlxalq standartlara cavab verən peşəkar jurnalistlərin hazırlanmasına daha ciddi yanaşmaq lazımdır.