Azərbaycanın xaricidilli mediası beynəlxalq təbliğat və informasiya məkanında

Bölmə: MEDİA › ,
Tarix: 11:43 14.05.2016

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədiyi nitqində Azərbaycanın beynəlxalq təbliğat və informasiya məkanına daxil olması və təsir imkanlarını artırması ilə bağlı, bu istiqamətdə zəruri işlərin görülməsi üçün konseptual fikirlər səsləndirdi. Belə ki, Prezident İlham Əliyev bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə xaricidilli medianın fəaliyyətini xüsusi vurğuladı. O, ölkə mediasının Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı olduğunu xüsusilə qabartdı. Prezident İlham Əliyev öz nitqində bildirdi ki, “ ... İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. “ Prezident İlham Əliyevin bu barədə keçən ilin ortalarında söylədiyi fikirləri əslində indiki dövrdə Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi üçün əsaslı baza rolunu oynaya bilər. Azərbaycan müharibə şəraitində olan ölkə olaraq 20 ildən artıqdır ki, mənfur qonşusu tərəfindən münaqişəyə cəlb olunub. Müharibə isə yalnız silah və ordu ilə aparılmır. Xüsusilə XXI əsrdə müharibədə informasiyanın gücü bəlli bir dərəcədə artaraq artıq informasiya müharibəsinə çevrilib. Bununla da, xüsusilə, müasir dövrdə KİV-in, qlobal sosial şəbəkələrin sürətli inkişafı ilə yaranan situasiyada medianın bütün istiqamətlərdə ön plana keçməsi dördüncü hakimiyyətin mövqeyinin artması ilə yanaşı, bir sıra təhlükəli tendensiyalar meydana gətirir. Artıq beynəlxalq aləm, dünya ictimaiyyəti üçün əsl həqiqətin nədən ibarət olması və alt qatda gizlənən əsl həqiqətin ortaya çıxması maraq kəsb etmir, auditoriya ona təqdim olunan və  beyinlərinə yeridilən informasiyaya, səhv və ya doğru olmasından asılı olmayaraq ona media tərəfindən ötürülən materialın təsirinə düşür.

Dünya jurnalistikasında istifadə olunan “yalançı qurban”  prinsipi xüsusən müharibə, münaqişə zonalarında olan hadisələrin təqdimatında geniş istifadə olunur. Bəzən hansısa müxtəlif siyasi “tərəf”lərin təsiri altında “yalançı qurban” imicini hətta media özü “yaradır” və onu auditoriyaya “sırıyır”. Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəsi bir daha pozması nəticəsində cəbhədə baş verən “dördgünlük müharibə”də Avropa və Qərb mətbuatının mövqeyi, xüsusilə Rusiya kütləvi informasiya vasitələrində ermənipərəst mövqeyə malik ekspertlərin qızğın müzakirələri bir daha sübut etdi ki, ölkə KİV-i öz fəaliyyətində  beynəlxalq aləmdə təbliğat və informasiya mübadiləsini artırmalıdır. Əvvəlki illərdən, münaqişənin lap başlanğıcından dünya KİV-in sərgilədiyi birtərəfli, tam ermənipərəst mövqenin bu dəfə bir qədər bizim xeyrimizə dəyişməsini müşahidə etdik, bu dəfə cəbhədəki hadisələrdə dünya birliyi, dolayısı ilə mediası Azərbaycanın haqlı mövqeyini “anladı”, doğrunu “görməyə” başladı. Lakin təbii ki. təbliğat və informasiya müharibəsində dayanmaq olmaz, Prezident İlham Əliyevin dediyi kimi, “ ... Biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır.”

Fransa mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən bu istiqamətdə bir qayda olaraq ermənipərəst mövqe nümayiş etdirirdi. Heç təsadüfi deyil ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev xaricə ilk səfərini məhz Fransadan başlamışdı və həmin dövrdə o, Fransada həmin ölkənin KİV nümayəndələri ilə mütləq görüşlər keçirir və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına, beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün münaqişənin əsl mahiyyətinin üzə çıxmasında böyük işlər görürdü. O, hər zaman Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığını və yalançı “yazıq”, “qurban” sifəti yaradan ermənilərin əsl simasının açılmasına çalışırdı. Bu gün Prezident İlham Əliyev məhz bu istiqamətdə işlərin davam etdirilməsi zərurətini ortaya qoyaraq demişdi ki, “... Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. ... Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.” Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həıqiqətlərinin dünyaya çatdırılmasında önəmli işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası “qulaqları kar, gözləri kor” olan dünyaya bir çağırış, bir fəryad, bir ədalət istəyi oldu. Bəs Azərbaycan mediası olaraq bütün bu işlərə necə dəstək vermək olar? Azərbaycan mediası beynəlxalq təbliğat və informasiya müharibəsində necə udmalı? Fikrimizcə, bu sahədə atılan addımlar məqsədyönlü və proqram şəklində olmalıdır. İlk addım olaraq ölkəmizdə fəaliyyət göstərən xaricidilli KİV-in əhəmiyyəti, bu istiqamətdə fəaliyyəti üçün lazımi maddi-texniki baza yaradılmalı və ən əsası, bu mediada çalışan yaradıcı heyətin peşəkarlıq səviyyəsi bir daha nəzərdən keçirilməlidir. Bu zaman artıq xaricidilii media orqanlarının əhəmiyyəti önə çəkilməli və bu KİV-in fəaliyyəti düzgün qurulmalıdır. Azərbaycanda müxtəlif dillərdə fəaliyyət göstərən nəşr və elektron KİV öz fəaliyyətini konkret bu sahəyə yönəltməlidir. Lakin fikrimizcə, ən birinci məqsəd olaraq Azərbaycanda mövcud olan xaricidilli KİV üçün konsepsiya hazırlanmalıdır.  Bu gün ölkəmizdə başqa dillərdə olan KİV-in monitorinqi aparılmalıdır.

Çünki ölkədən kənardakı auditoriyaya, orada yaşayan həmvətənlərimizə, nəşr olunduğu dilin vətəni olan və həmin dildə anlayan, danışan, yazan-oxuyan auditoriyaya ünvanlanan belə media orqanları həm də öz fəaliyyətlərində məhz Azərbaycanın təbliğatını, xalqımızın, Vətənimizin mənafeyi naminə fəaliyyəti üstün tutmalıdırlar. Artıq 9 ildir ki, “Yol qovşağı” (Le Carrefour ) qəzeti hazırda Azərbaycanda fransız dilində nəşr olunan yeganə belə nəşrdir.  “Le Carrefour” (Yol qovşağı) qəzeti 2007-ci ilin may ayından fəaliyyət göstərir. Fransz dillində nəşr olunan “Le Carrefour” qəzeti Azərbaycan KİV-də yeganə belə bir nəşr olmaqla, Prezidentimizin çıxışında vurğuladığı bu şərəfli və  məsuliyyətli missiyanı yarandığı 2007-ci ildən yerinə yetirir. Məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi, həmçinin maddi dəyərlərinin təbliğinə yönələn qəzet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində birbaşa oxucu kütləsinə çatdırır. Bununla yanaşı, Fransanın TV 5 Monde telekanalı ilə, Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əməkdaşlığı cənab Prezidentin öz çıxışında vacib saydığı xarici media resursları ilə daha sıx əlaqələrimizin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış imkanının yaradılmasına yönəlib. “Le Carrefour” qəzetinin təşəbbüsü ilə Mətbuat Şurası ilə əməkdaşlıqda 2008, 2012 və 2016-cı illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda silsilə dəyirmi masalar təşkil edilib. Qəzetin saytında (www.lecarrefour.az ) Azərbaycanda sırf fransız dilində olan və hər gün fransız dilində müxtəlif məlumatlar verilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) KİV-ə maliyyə yardımı müsabiqəsinin qaydalarında öz əksini tapan müsabiqənin prioritet istiqamətlərində göstərilənErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği, Azərbaycançılıq ideyasının təbliği, Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, elm və təhsilin inkişaf etdirilməsi istiqaməti üzrə Azərbaycanda fəaliyyət göstərən xaricidilli mediaya dəstək verilməsi vacibdir.

Lakin konkret olaraq ölkəmizdə yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzeti tərəfindən yuxarıda sadalanan bu istiqamətlərdə əməli işlər görülsə də, Fondun müsabiqəyə təqdim olunan layihələrə aid tələbləri müvafiq müsabiqədə iştirak etməyə əngəl yaradır. Lakin məhz Fondun konsepsiyasında əhatə olunan və yuxarıda sadalanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği və s. bu kimi istiqaməti üzrə maliyyə vəsaitinin Azərbaycan dilində nəşr olunan və beynəlxalq aləmə heç bir çıxışı olmayan (çıxış imkanı mümkün olmayan), Azərbaycandilli nəşrlərə şamil edilməsi maraqlı bir müzakirə mövzusu ola bilər. <p">Bu baxımdan, Azərbaycanda xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsi üçün müvafiq konsepsiya ortaya qoyulmasına zərurət vardır. Sözügedən konsepsiya əsasında xaricidilli media ilə bağlı xüsusi şərtlər (peşəkarlıq, dil biliyi, təcrübə və sair) nəzərə alınması çox vacibdir. Yeni konsepsiyaya müvafiq olaraq KİVDF-dan  ayrıca kateqoriya üzrə belə mediaya maliyyə vəsaitinin ayrılması, Azərbaycan Mətbuat Şurasından dəstək verilməsi, müvafiq tədbirlər planı hazırlanması məqsədəuyğun olardı.

     Zeynab Kazımova,

                                                         Fransızdilli “Le Carrefour” (Yol qovşağı) 
                                                         qəzetinin təsisçisi və baş redaktoru
                                                         www.lecarrefour.az saytının rəhbəri
                                                         Bakı Ali Neft Məktəbinin 
                                                         İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Modern.az