Xədicə İsmayıl azadlığa buraxılıb

Bölmə: MEDİA › ,
Tarix: 16:02 25.05.2016

Bu gün Ali Məhkəmədə, həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılıb.

İnformator.az-ın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza əvəz olunması barədə qərar çıxarılıb. 

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. 

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kasassiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.