Azərbaycan milli mətbuatının yarandığı gündən 141 il ötür

Bölmə: MEDİA › ,
Tarix: 09:19 22.07.2016

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 141 illiyi qeyd olunur.

İnformator.az-ın məlumatına görə, XIX əsrin ortalarında Azərbaycanda gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaradıb. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində "Əkinçi" qəzeti nəşrə başlayıb.

Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ edib, insanları mövhumata və cəhalətə qarşı mübarizəyə çağırıb, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib.

“Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirib, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında mühüm rol oynayıb.

Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranıb. 1993-cü ildən başlayaraq Azərbaycan milli jurnalistikası yeni inkişaf mərhələsinə qədəm qoyub.

Hazırda Azərbaycanda 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub.

2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin sərəncamı ilə paytaxtın Bibiheybət qəsəbəsində KİV işçiləri üçün inşa edilmiş 156 mənzillik bina istifadəyə verilib. Elə həmin gün ölkə rəhbərinin iştirakı ilə jurnalistlər üçün daha bir yaşayış binasının təməli qoyulub ki, onun da bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.