Tanınmış jurnalist Çingiz Mustafayevin doğum günüdür

Bölmə: MEDİA › ,
Tarix: 14:40 29.08.2016

Jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.



1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.



Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.



Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi. Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.



O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələsi kimi yadda qalıb. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.