KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ YOL VERİLƏN NÖQSANLAR

Bölmə: MEDİA › ,
Tarix: 11:38 03.11.2016

Bu dəfə haqqında danışacağımız mövzu kütləvi informasiya vasitələrində yol verilən nöqsanlar haqqındadır. Bu mövzuya yenidən müraciət edilsə də, əsas problemlər yenə də aktual olaraq qalır. Xəbər portallarında, informasiya agentliklərinin saytlarında, qəzetlərdə, televiziya və radiolarda yol verilən səhvlər yenidən bu mövzunun üzərində dayanmağa əsas verir. Elektron KİV-lərdə rast gəlinən başlıca qüsur orfoqrafiya səhvləridir. Mətnin klaviaturada yığılması zamanı bu səhvlərin edilməsi mümkündür və bu normal hal kimi də sayıla bilər. Amma mətni yazan jurnalist heç olmasa azı bir-iki dəfə yazdığı mətni yoxlamalı, rast gəlinən orfoqrafik, leksik, məna və sintaktik səhvləri aradan qaldırmağa çalışmalıdır. Ola bilsin ki, yoxlama zamanı, yorğunluqdan hansısa xırda detallar gözdən qaça bilər. Müəyyən müddət fasilə etdikdən sonra mətni yoxlamaq çox böyük fayda verə bilər. Çünki, bəzən gözlənilməz ideyalar sonradan gəlir. Orfoqrafiya səhvləri daha çox yazılışına görə bir-birinə yaxın olan sözlərin və bəzi çətin terminlərin yazılışı zamanı baş verir. Bundan əlavə bir sıra alınma sözlər də çətinliklərə səbəb ola bilər. “geymək-geyinmək, məxsus-mənsub”, “müəssisə-müəssə, müvəffəqiyyət-müvəffəqqiyyət,kimi sözlər, bəzi iyyat-iyyət, iyyə şəkilçiliri sözlərin bir y ilə yazılışı bu qəbildəndir.
Ədəbi dilinin leksik normasının pozulması da KİV-lərdə tez-tez müşahidə olunan amillərdəndir. Sözlərin məqamına uyğun işlədilməməsi, anlaşıqlı ifadələr yerinə alınman sözlərin daha çox istifadə edilməməsi, məntiqi səhvlər, fikrin ifadəsi zamanı işlədilən ifadənin tam yetərli olmaması (məntiqin kafi-yetərli əsas qanunu), bir-birini inkar edən məfhumlara yol verilməsi bildiyimiz səbəblərdən olsa da, burada ən birinci amil türk sözlərinin lüzumsuz işlədilməsi dayanır. Teleaparıcıların bəzilərində “zatən”. “sonuc”, “dəyərli seyrçilər”, ifadələri işlədilir. Məlum məsələdir ki, “zatən”, “onsuz da, elə”, “sonuc” “nəticə” mənasını verir. “Dəyərli seyrçilər”in yerinə “hörmətli tamaşaçılar” ifadəsini işlətmək daha təbii səslənir. Sadalanan sözlər daha çox tanınmış aparıcılar tərəfindən işlədilir.
KİV-lərdə bilərəkdən yol verilən ən böyük nöqsan isə reytinq xətrinə xəbər başlıqlarının başqa məzmunda qoyulmasıdır. Başlıq kimi qoyulmuş “Millimiz oyunda qələbə qazandı” sərlövhədə “oyun” sözünə görə oxucuda millimizn futbol oyununda qələbə qazandığını təəssüratını oyada bilər. Lakin xəbərin əsas mətnini oxuyanda söhbətin futzaldan getdiyi görünür.
Ümumiyyətlə KİV-lərdə yol verilən nöqsanlar haqqında çox danışmaq olar. Lakin gələcəyin jurnalistlərinə yazı zamanı bu cür səhvlərə yol verməmələri məqsədi ilə yazılmış dərsliklərdə hər şey əhatəli olduğundan bu mövzunun üstündə çox dayanmayaq. bir şeyi qeyd edim ki, jurnalistin qələmindən çıxan yazılar müxtəlif mərhələlərdən keçir. Hər halda korrektor, redaktor və baş redaktor sözləri boş-boşuna yaranmamışdır. Əgər belə səhvlər çox təkrarlanırsa onda bu həmin şəxslərin öz peşələrinə nə cür məsuliyyətlə yanaşmalarını gündəmə gətirir. Jurnalistlərin özlərinin dediyi kimi, bu peşə olduqca məsuliyyətli və şərəfli peşədir. Bizdən əvvəlki görkəmli qələm ustadlarımız necə, biz də elə.

Zaur Cəfərov