Mingəçevirdə "Ekologiya və biz" layihəsi çərçivəsində tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 16:34 11.12.2017

Uşaq, gənc yaşlı, bir sözlə hər bir Azərbaycan vətəndaşı ekologiyanı qorumalı onun çirkənməsinin qarşısını almaqda fəal olmalıdır. 

 

İnformator.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Mingəçevir şəhəri 18 saylı tam orta məktəbdə keçirilən tədbirdə səsləndirilib. Layihə rəhbəri Səbuhi Ziyad-zadə tədbir iştirakçılarına layihə ilə bağlı məlumat verib. O bildirib ki, biz ekologiyanın bir hissəsiyik və buna görə də yaşadığımız mühiti qorumalıyıq: “Sadəcə avtomobil, zavod, tüstüləri yox, atdığımız xırda bir zibil də ekologiyanı çirkləndirir. Ətraf mühit bizim evimizdir və evimizi təmiz saxlamalı, iməciliklər keçirməliyik. Hər birimiz ekologiyanın qorunmasını öz sağlamlığımızın qorunması kimi qəbul etməli və təbiətə bu cür yanaşmalıyıq”.

 

Daha sonra məktəb müəllimləri çıxış edərək şagirdlərə ekologiyanın qorunması ilə bağlı məlumat verib. Təmiz hava sağlamlığımız, gələcəyimizdir deyən Rəna Rüstəmova Ekologiya dedikdə sadəcə hava yox, su və torpağın da nəzərdə tutulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ekologiya təmiz olanda, bizim səhhətimizdə də bir problem olmur. 

 

Sənubər Məmmədova isə çıxışında vurğulayıb ki, keçirilən dərslər zamanı mütəmadi olaraq ekologiyadan, onun qorunmasından danışılır. “Yeni texnologiyalar yaranır ki, insanların yaşayışı, işləri daha da yüngülləşsin. Biz texnoloji yeniliklərdən istifadə edərkən, yeni əşyalar, yaxud yaşayış məskənləri qurarkən ətraf mühitə, ekologiyaya ziyan vurmamalıyıq. Hər bir şagird, valideyn, vətəndaş meşələrimizə, sərvətlərimizə ziyan vurulmasının qarşısını almalıdır. Təbiəti qorumaq bütün insanlığın işidir”, - deyə S.Məmmədova əlavə edib. 

 

Məktəbin kitabxanasının müdiri Fatma Muradova insanın özünə təmiz yanaşdığı kimi, təbiətə də təmiz yanaşmasının vacibliyini vurğulayıb: “İnsanlar ağacları qırır, üzərinə yazılar yazır. Biz bilməliyik ki, bir ağac bir neçə insana hava verir. Kitabxana müdiri kimi deməliyəm ki, ekoloji maarifləndirmə ilə bağlı yazılmış çoxlu kitablar var və bu kitablardan istidfadə edərək hər birimiz məlumatlanmalıyıq”.

 

Daha sonra biologiya müəllimələri Aygün İsmayılova, Fərqanə Əlləzova və Bakıdan qonaq qismində dəvət olunmuş “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova çıxış edib. Çıxışlar zamanı vurğulanıb ki, Ekologiyaya vurulan ziyan bizim özümümzə vurulan ziyan deməkdir. Biz hamımız çalışmalıyıq ki, təbiəti təmiz saxlayaq. Şagirdlər bu barədə orta məktəbdə müəlimlər, evdə valideynləri tərəfindən maarifləndrilməlidir. 

 

Layihə çərçivəsində növbəti gün məktəb şagirdlərinin iştirakı ilə iməcilik keçirilib. Şagirdlər layihə rəhbərinin iştirakı ilə ətraf ərazilərə atılan tullantıları toplayıb.