Tanınmış yazar İlqar Rəsul metropolitenin aksiyasına öz əlavəsini etdi

Bölmə: Sosial › ,
Tarix: 14:17 30.01.2018

“Bakı Metropoliteni” QSC “Metroda oxu” adlı sosial-aksiya həyata keçirir.

Tanınmış yazar İlqar Rəsul layihəyə öz əlvəsini edib. İnformator.az-a açıqlama verən İlqar Rəsul bildirib ki, aksiyada iştirak edənlərin bir qismi əlavə hədiyyə ala biləcəklər.

"Aksiyaya qoşulanlardan kimlər metroda mənim "Getmə" romanımla selfi edib paylaşsalar, onların hamısına növbəti kitabımı hədiyyə edəcəm. Əgər "Getmə"ni paylaşanlardan kimsə bu aksiyada qalib gəlsə, ona bundan sonra çıxacaq bütün kitablarımı hədiyyə edəcəm", - İ. Rəsul bildirib. 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır. 



"Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz və sair. Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz".

N.Paşayev bildirib ki, “Bakı Metropoliteni” QSC “Əli və Nino” mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək. Bu kuponla “Əli və Nino” kitab mağazaları şəbəkəsindən kitab almaq olar.

Qeyd edək ki, “Metroda oxu” adlı sosial-aksiya mayın 1-nə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.