Psixoloqlar intiharlarla bağlı həyəcan təbili çalır -şoudur, pis tendensiyadır

Bölmə: Sosial › ,
Tarix: 17:17 16.08.2018

Son zamanlarda sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində intihar xəbərləri ilə tez-tez rastlaşırıq. Həmin şəxslərin sevgisinə cavab almadığı, maddi imkansızlığa, işsizliyə görə özünə qəsd etdiyi yazılır. Ali məktbələrə qəbul imtahanında istədiyi balı toplaya bilməyən abituriyentlər də çıxış yolunu intiharda görmüşdü. Ən dəhşətli hal odur ki, ölkənin ziyalıları, media nümayəndələri də bu yola əl atır və bunu sosial şəbəkələr vasitəsi ilə elan edir. Bir neçə həftə əvvəl yazıçı Cəlil Cavanşir canlı yayımda damarlarını doğramış, tanınmış jurnalist Səbuhi Məmmədli isə 2 gün öncə intihar edəcəyini “Facebook” hesabından elan etmişdi. İnsanların çıxış yolunu intiharda görməsinə səbəb nədir? Sosial şəbəkələr bu işdə nə kimi rol oynayır? Suallarımızı tanınmış psixoloqlar cavablandırır.

Psixoloq-psixoterapevt xanım Niftəliyeva qeyd edib ki, intiharı da bir sıra sahələr kimi şouya çeviriblər.

 

“Vaxt var idi ki, qadınlarda şalvar geyinmək dəb halını aldı. Yaraşan-yaraşmayan, bədən quruluşuna uyğun olan-olmayan hər kəs şalvar geyinməyə başladı. Hətta buna görə evlərdə narazılıq, problem yarandı, hətta bəziləri boşanmaya qədər gedib çıxdı. Sonra hicab dəbə düşdü. Bunu dinə bağlı üçün edənlər də oldu, dəb üçün edənlər də. İndi isə intiharlar dəb halını alıb. İnsanlar sanki kim nə edirsə onu yamsılamaqla, nələrisə əldə edəcəklərinə inanır. Amma bu yalnış yanaşmadır. İntihar zəif insanların atdığı addımdır. Bir insan öz həyatını sonlandıra bilməz. Çünki biz bu həyata öz istəyimizlə gəlməmişik. Bizə bu həyatı bəxş edən var və məsləhət bildiyi zaman da biz bu dünyadan köç edib əbədi dünyaya gedəcəyik. Məsələn bu günlərdə bir nəfər intihar etmək istəyərkən oradan təsadüfən keçən baş nazir Novruz Məmmədov onu xilas etdi, “Qaçqınkom”un binasından özünü atmağa cəhd edən şəxs xilas edildi və mətbuat ona ev verildiyini yazdı. Millət vəkili Qənirə Paşayeva da bir neçə dəfə insanları intihardan xilas edib. İnsanlar da düşünür ki, əgər bir insan intihara cəhd edib müsbət nəticə ilə qarşılaşırsa, deməli mən də edə bilərəm. Amma düşünmürlər ki, intiharı şansa bağlamaq olmaz. İnsan həyatını şansa bağlayıb Bu bir şansdır və hər zaman insanın üzünə gülmür. Bədbəxtlik ondadır ki, ziyalılar da bu yola əl atırlar. Bu yaxınlarda jurnalist, yazar ( hətta mən də bu məsələyə münasibət bildirmişdim) canlı yayımda intihar edir, guya intihara cəhd edir. Artıq intihara şouya çeviriblər. İntihar üzərindən biznes qururlar. Necə ki başqa-başqa sahələri saxtalaşdırıb, şouya, biznesə çeviriblər, indi də intiharı bu cür edirlər. İntiharla insanları təhdid edir, qorxudurlar. Öz canlarının bahasına olsa belə nələrisə əldə etməyə çalışırlar. Ola bilər sən intihar etdin, dünyanı dəyişdin, şəklin sosial şəbəkələrdə paylaşıldı və yüzlərlə insan “Allah rəhmət eləsin” yazdı. Burda sənin qazancın nədir? Bu intiharlara yol açan, əsasən, sosial şəbəkələr, televiziya verilişləri, efirlərimizdir. Bir insan, tanınmış sima, jurnalist, yazıçı kütlə qarşısında damarını kəsib intihara cəhd edirsə, psixoloji zəif insanlarda buna meyillilik yaranır. Vərdişə çevrilir və bəziləri üçün asan yola çevrilir. İnsanların bunu maddı çətinliyə görə etdiyini düşünmürəm. Mən tez-tez kütlə içərisində oluram, ictimai nəqliyyatdan istifadə edirəm. Hər kəsin getdiyi məkanlara gedirəm. Restoranlarda yer tapıb oturmaq olmur. İnsanların geyimi qaydasında, heç olmazsa hər evdə bir maşın var. Yəni insanlar istədikləri madiyyatı əldə edə biləcək gücə malikdirlər. İnsanlar təəssüf ki, bir-biri ilə bəhs edir. Bundan sonra da yaşayışlarından şikayət etməyə başlayırlar, gərginlik, stress yaranır, psixoloji sarsıntılara gətirib çıxarır. Belə insanlar heç nə əldə edə bilməyəndə çarəni intiharda görür. Sosial şəbəkələrin intiharın artması və buna cəhdlər edilməsində rolu böyükdür. Bütün dünyada internet, sosial şəbəkə mövcuddur. Amma biz düzgün istifadəyə etməyi bacarmırıq. Xəyal dünyasında yaşamaq istəyib yaşaya bilmədiklərini virtual aləmdə yaşamaq istəyirlər. Biri özünü amerikalı, avropalı kimi aparmağa başlayır. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq. Öz adət-ənənələrimiz, dinimiz var. Allahını tanıyan heç bir insan onun verdiyi cana xəyanət etməz. İntihar Allahın bizə verdiyi cana xəyanət etməkdir”.

“Etnoqlobus” mərkəzinin direktoru, psixoloq Gülnara İnancın sözlərinə görə isə, intihar hadisələrində mətbuat və sosial şəbəkənin hadisələri yaymaq üsulları önəmlidir.

 

“Əvvəla onu qeyd edək ki, intiharların sayının artdığı doğru qənaət deyil. Pis tendensiyadır, bu isə başqa məsələdir. Bir şeyi çox görmək istəsən çox olacaq. Bu işdə mətbuat və sosial şəbəkənin hadisələri yaymaq üsulları önəmlidir. Baş vermiş hadisə quru kəlmələrlə emosiyasız verilməli, faciəvi notlar olmamalı, təbliğat xarakteri daşımamalıdır. Təəssüf əksər KİV-lər suisid hadisəsini bər-bəzəkli , tamaşa kimi təbliğ edir, başlıqları gurultulu yazır və cəmiyyətdə özünə qəsdi bir şou kimi təqdim edirlər. Hazırda problemlərlə və ağır xəstəliklərlə üzbəüz olan bir insan bu şounun içində olmaq istəyir. Nəticədə suiqəsdə cəhd edir. İntihara “oda”lar yazmaq intihar təbliğidir, çağırışdır. Daxili senzura və məsuliyyət olmalıdır. Əgər bu yazılar son həddə olan biri üçün intihar etmək üçün təkan ola bilər. İnsan həyatını bitirməyə həqiqətən qərar veribsə , o , bunu sakitcə , kiməsə demədən edəcək. Belə bir addımın səbəblərindən biri genetik-nəslidir. Pasiyentlərim arasında yaxınları suisid etmiş insanlar da var. Onlar üzdə intihara səbəb olmadığını deyir, amma analizdən sonra məlum olur ki, nəsildə bir neçə adam intihar edib. Psixoloji problemlər sistemli və geniş araşdırılmalıdır. Sosial müdafiənin formalaşdığı və iqtisadi vəziyyətin yüksək olduğu Avropa ölkələrində özünə sui qəsd daha çoxdur. Deməli kasıblıq suisidin səbəbi deyil. İnsanların həyata marağı və məqsədi itəndə onun həyatını davam etdirmək üçün motivasiyası qalmır. Özünə acımaq, ən bədbəxt, gərəksiz olmaq amili də səbəblərdən biridir. Burda eqonun rolunu görürük. Yəni mən vacib adamam , amma cəmiyyət mənim qədrimi bilmir. Beləsi özündən qəhrəman obrazı yaradır, ona acımalarını istəyir və bununla da özünü və cəmiyyətin gözündə bəraət almaq məqsədi güdür. Əksər hallarda sui-qəsdçi bunu şüuraltı proqramlarla edir. Sosial şəbəkələrdə canlı intihar cəhdi, yaxud intihar etmək barədə anonslar əslində insanın özünə qəsd etmək niyyətində olmadığını deyir. Burda iki bir-biri ilə bağlı səbəb var: özünə diqqət çəkmək, mən də varam demək istəyi; ikincisi çiyninə yüklənmiş yükə gücü çatmadığı üçün onu başqalarına yükləmək. Dərd paylaşanda azalır, odur ki, belə insan diqqət mərkəzində olmaqla öz probleminin neqativ enerji yükünü özündən atır və həyatını davam etmək gücü qazanır. Nümayişkaranə intiharlar özünə diqqət çəkməklə yanaşı ,həm də şantaj vasitəsidir. Son dönəmlər ölkəmizdə bu yolla bəzi problemlərini həll etmək halları ilə rastlaşmışıq”.