Zərbələr, qürur və regional risklər

Tarix: 19:27 23.07.2025
ABŞ-nin zərbələrindən sonra İranda uranın zənginləşdirilməsi müvəqqəti dayandırılıb. Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ciddi ziyan dəyib, lakin bu fəaliyyətdən imtina olunmayacaq, çünki bu, həm elmi nailiyyət, həm də milli qürur məsələsidir.
Mözvu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, İranın uranın zənginləşdirilməsi prosesinin davam etməsi əslində gözlənilən bir hadisə idi:
"Çünki bu müddətdə ABŞ birinci növbədə uranın zənginləşdirilməsi prosesini dayandıra bilmədi. Yəni, bu hücum uranın zənginləşdirilməsi üçün kifayət etmirdi. Sadəcə olaraq bir istehsal müəssisəsinə zərər yetirə bildilər, digərləri öz aktiv fəaliyyətini davam etdirir. İkinci bir məsələ isə bunun milli qürur məsələsi olmasıdır, İran üçün artıq bu çox önəmlidir və müharibə dövründən sonra faktiki olaraq İranın nüvə silahı əldə etməsi məsələsi çox geniş şəkildə çatdırılır. Təbliğ olunur ki, bəli, İran nüvə silahı əldə etməlidir. Nüvə silahının əldə edilməsi İran üçün vacib bir məsələdir və üçüncü məsələ isə müharibədən sonra hər nə qədər müharibə dövründə islahatçılar, xüsusilədə, prezident Pezeşkian öz mövqeyini gücləndirməyə çalışsa da, müharibədən sonra İranda mühafizəkar dairələrinin, xüsusilə də, Sepahın nüfuzunda ciddi şəkildə artımını müşahidə edirik. Yəni bu da ona əsas verir ki, İranda qüvvələrin balansı yenidən mühafizəkarların xeyrinə dəyişə bilər və onlar təşəbbüsü ələ alaraq Qərblə dialoqu bir qədər ləngidərək uranın zənginləşdirilməsi prosesini güclü şəkildə davam etdirə bilərlər. Yəni bütün bu hadisələrin fonunda İranın uranı zənginləşdirməyə davam etməsi ciddi şəkildə Qərbdə narahatçılıq yarada bilər və Suriya, İsrailin hazırda Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlar məhz İrana müdaxilənin bir daha yolunu açmaq üçündür. Çünki İsrail faktiki olaraq İranın həm kiçik, həm də böyük proksilərini Suriyada, Fələstində, Livanda sıradan çıxarmaqla məşğuldur. Bu həm də İrana quru müdaxilənin yolunun açılmasıdır. Çünki İsrailin məqsədi İranda həm rejim dəyişikliyi həyata keçirmək, həm də uranın zənginləşdirilməsi prosesini dayandırmaqdır. Bunun da yeganə yolu quru əməliyyatlarıdır. Düzdür, bu çox riskli bir məsələdir, ancaq yenə də İsrail buna çalışır. Təbii ki, burada həlledici sözü Amerika Birləşmiş Ştatları deyəcək. Əgər ABŞ-nin dəstəyi olmasa, İsrailin belə bir planı həyata keçirə bilməyəcək, bu mümkünsüzdür".
Ayşən Səlimova