Zelenski antikorrupsiya qanunlarına qarşı etirazlara cavab verib

Tarix: 20:36 23.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski hüquq-mühafizə və antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanuna etirazlar fonunda müşavirə keçirib. Müşavirədə hüquq-mühafizə və antikorrupsiya orqanlarının rəhbərləri iştirak ediblər.
V. Zelenskinin sözlərinə görə, iki həftə ərzində Ukraynanı gücləndirmək və cəmiyyətin maraqlarını qorumaq üçün vacib olan birgə plan hazırlanmalıdır. O, qeyd edib ki, cinayət işləri qanuni hökmlər olmadan illərlə davam etməməli, Ukraynaya qarşı fəaliyyət göstərənlər isə özlərini rahat hiss etməməlidirlər. Prezident birgə fəaliyyət planı üzrə növbəti görüşün gələn həftə baş tutacağını deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, məhdudlaşdırılan antikorrupsiya orqanı yeganə hüquq-mühafizə orqanıdır ki, prezidentə tabe deyil:
“Orada çox orqanlar var. Hamısı tabedir, sadəcə antikorrupsiya orqanından başqa. Ukraynanı təsadüfən oliqarxik ölkə adlandırmırlar. Orada bir neçə zəngin şəxs vardır ki, iqtisadiyyatın müəyyən sahələrinə nəzarət ediblər. Burada da əsas korrupsionerlər onlardır. Prezident bu səbəbdən məhdudlaşdırma prosesini həyata keçirib. Belə müşavirələrin ictimaiyyətə açıq olması mühüm amildir. İctimaiyyət korrupsiyadan narazıdır. Ukraynada oliqarxik güclər daha güclüdür. Bu kimi səbəblərə görə Ukrayna daha çətin vəziyyətə düşüb, çünki müharibə ərəfəsindədir".
Aygün Babayeva