Qəzzada aclıqdan ölüm halları kəskin artıb-ÜST

Tarix: 20:40 23.07.2025
Qəzza zolağında qida çatışmazlığı səbəbindən ölüm hallarında kəskin artım qeydə alınır.
"İnformator.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Hazırda biz qidalanma ilə bağlı ölümlərin sayında kəskin artım müşahidə edirik. 2025-ci ildə ÜST qida çatışmazlığı səbəbindən 5 yaşdan kiçik uşaqların 21 ölüm hadisəsini sənədləşdirib”, - o deyib.
Qebreyesusun sözlərinə görə, Fələstin anklavında olan əhalinin 10 %-dən çoxunda kəskin qida çatışmazlığı əlamətləri müşahidə olunur, qadınlar və süd verən analar arasında isə bu rəqəm 20 %-ə çatır. ÜST rəhbəri bildirib ki, humanitar yardımın çatdırılmasının dayandırılması və yardımın Qəzza sektoruna girişinə məhdudiyyətlər fonunda vəziyyət daha da pisləşir. Bundan əvvəl Fələstin anklavının media departamenti 2025-ci ilin martında Qəzzanın tam blokadaya salınmasından sonra azı 67 uşağın aclıqdan öldüyünü bildirib.
Xatırladaq ki, 2025-ci il martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım daxil olmur və İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlı olaraq qalır.