Çikunqunya virusu dünyada geniş yayılma riski daşıyır

Tarix: 20:46 23.07.2025
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çikunqunya virusunun genişmiqyaslı qlobal yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
"Çikunqunya geniş tanınan xəstəlik deyil, amma artıq 119 ölkədə dövr edir və bu, 5,6 milyard insanı risk altında qoyur",— BMT brifinqində çıxış edən ÜST-ün arboviruslar üzrə qrup rəhbəri Diana Roxas Alvares bildirib.
Aedes cinsindən olan ağcaqanadlar vasitəsilə yayılan virus yüksək qızdırma, səpgilər və intensiv oynaq ağrıları ilə müşayiət olunur. Bu ağrılar həftələrlə davam edə bilər və yoluxanların 40%-də uzunmüddətli əlilliyə səbəb ola bilər.
2025-ci ilin əvvəlindən etibarən çikunqunya virusu Hind okeanı adalarında — La Reyunion, Mayot və Mavriki kimi bölgələrdə geniş yayılıb. Ekspertlər La Reyunion adasında əhalinin üçdə birinin virusa yoluxa biləcəyini ehtimal edir.
Virus eyni zamanda Madaqaskar, Somali, Keniya və Cənubi Asiya ölkələrinə də yayılıb. Hindistan, Şri-Lanka və Banqladeş kimi ölkələrdə yoluxma hallarında ciddi artım müşahidə olunur. Avropada da virusun yayılmasına dair narahatedici əlamətlər var — Fransada yerli yoluxma halları qeydə alınıb, İtaliyada isə şübhəli hallar araşdırılır.
"Bu vəziyyət 2004–2005-ci illərdə baş verənləri xatırladır", — deyə Roxas xəbərdarlıq edib. "Tarixin təkrarlanmasının qarşısını almaq üçün indi hərəkətə keçməliyik".
Hazırda Hind okeanı regionunda yoluxma halları mövsümi dəyişikliklər səbəbindən azalmağa başlasa da, ÜST erkən aşkarlanma və sürətli cavab tədbirlərinin vacibliyini vurğulayır. Məqsəd infeksiyaların və uzunmüddətli fəsadların minimuma endirilməsidir.
ANEWZ
Gülhüseynova Güllər